Medianews.az
Müctəba Xamenei yeni idarəetmə mexanizminin tətbiq olunacağını ELAN ETDİ
123 baxış

Müctəba Xamenei yeni idarəetmə mexanizminin tətbiq olunacağını ELAN ETDİ

İran İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei xalqa yazılı müraciət edib. Müraciətin mətni İran mediasında yayılıb.

Medianews.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Fars körfəzi Allahın bölgədəki müsəlman xalqlarına, xüsusilə də İran xalqına bəxş etdiyi misilsiz nemətlərdən biridir.

Müraciətdə bu su hövzəsinin yalnız coğrafi məkan deyil, həm də İranın tarixi kimliyinin və sivilizasiyasının tərkib hissəsi olduğu qeyd olunur.

Xamenei müraciətində Fars körfəzinin Hörmüz boğazı və Oman dənizi vasitəsilə qlobal iqtisadiyyat üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bildirir ki, bu bölgə keçmiş əsrlərdə xarici güclərin tamahını hərəkətə gətirib və müxtəlif müdaxilələrə məruz qalıb.

Müraciətdə İran xalqının Fars körfəzinin müstəqilliyi və xarici müdaxilələrə qarşı mübarizədə “ən böyük fədakarlıqları göstərdiyi” iddia olunur. Həmçinin son dövrlərdə regionda baş verən hərbi və siyasi gərginliklər fonunda “yeni mərhələnin başlandığı” qeyd edilir.

İran liderinin sözlərinə görə, uzun illər ərzində region xalqları xarici təzyiqlərə və siyasi susqunluğa vərdiş etdirilib, “lakin son dövrdə İran Ordusu və SEPAH-ın dəniz qüvvələrinin fəaliyyəti xarici hegemonluğa müqavimətin mümkün olduğunu göstərir”.

Müraciətdə ABŞ-ın regiondakı hərbi mövcudluğu sərt tənqid olunur və bu mövcudluğun “təhlükəsizliyi təmin edə bilmədiyi” iddia edilir. Xameneinin sözlərinə görə, Fars körfəzində xarici hərbi bazaların olması regionda sabitliyə deyil, qeyri-sabitliyə xidmət edir.

İranın ali rəhbəri Fars körfəzinin gələcəyinin xarici güclərsiz formalaşacağını iddia edərək, bölgə xalqlarının “taleyinin bir-birinə bağlı olduğunu” vurğulayır və regionda kənar qüvvələrin mövcudluğuna ehtiyac olmadığını qeyd edir.

Müraciətdə həmçinin İranın “güclü İran” strategiyası və müqavimət siyasəti nəticəsində regionda yeni geosiyasi nizamın formalaşdığı iddia olunur.

Xamenei 90 milyonluq İran xalqının elmi, sənaye və texnoloji potensialını milli sərvət kimi qiymətləndirərək, bu resursların ölkənin sərhədləri kimi qorunacağını bildirir.

Sonda isə Fars körfəzində yeni idarəetmə və hüquqi mexanizmlərin tətbiq olunacağı, bunun region xalqlarının rifahına xidmət edəcəyi vurğulanır.

Medianews.az

Bizə qoşulun