Yaxın Şərqdə gərginlik artdığı bir vaxtda Cənubi Pars Qaz Yatağına hücum müharibənin gedişinə təsir göstərib. Dünyanın ən böyük qaz ehtiyatlarından sayılan bu strateji sahənin bəzi emal obyektlərinin pilotsuz uçuş aparatları ilə vurulduğu bildirilir. Hücum zamanı yatağın 3-cü və 6-cı fazalarının hədəf alındığı qeyd olunur.
Basra körfəzində yerləşən və İran ilə Qətər arasında bölüşdürülən yataq hər iki ölkənin enerji iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır.
Medianews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump hadisədən sonra açıqlama verərək, ABŞ-nin hücumdan xəbərsiz olduğunu bildirib.
O, İsrailin bu addımı bölgədəki gərginlik fonunda atdığını deyib və əlavə edib ki, İran Qətərə yenidən hücum etməzsə, Cənubi Pars yatağına qarşı başqa hücum olmayacaq. Tramp eyni zamanda xəbərdarlıq edərək, belə hal təkrarlanarsa, yatağın “görünməmiş güclə” məhv ediləcəyini vurğulayıb.
Bu açıqlamalar fonunda israilli jurnalist Barak Ravid Trampın sözlərini təkzib edib. O, yüksək səviyyəli mənbələrə istinadən ABŞ-nin hücumdan əvvəl məlumatlı olduğunu və əməliyyata razılıq verdiyini iddia edib.
Hadisələrin əvvəlində pilotsuz aparatlarla həyata keçirilən hücumda qaz yatağının bəzi obyektləri zərər görmüşdü. Bundan sonra İranın cavab addımları nəticəsində Qətərdə yerləşən Ras Laffan Sənaye Zonası raket zərbələrinə məruz qalıb, ərazidə yanğın və ciddi dağıntılar qeydə alınıb.
Medianews.az