Medianews.az
Niyə ölüm-dirim yox, “dirim-dirim” oyunu? -
108 baxış

Niyə ölüm-dirim yox, “dirim-dirim” oyunu? - “Qarabağ”-“Nyukasl”

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara yekun vurulacaq. İkinci oyun günündə daha dörd qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Qarabağ” Bakıda İngiltərənin “Nyukasl” klubunu qəbul edəcək.

Digər matçlarda İspaniya “Atletiko”su Belçikada "Brügge"nin, İtaliya “İnter”i Norveçdə "Budyo Qlimt"in, Almaniya “Bayer”i isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

00:00. "Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)

00:00. "Budyo Qlimt" (Norveç) - "İnter" (İtaliya).

Bu mərhələnin cavab oyunları fevralın 24-25-də təşkil olunacaq.

Medianews.az-ın məlumatına görə, “Qarabağ”ın azarkeşi, bloqçu Fərid Pərdəşünas feysbuk hesabında yazır ki, bu gün “Qarabağ” futbol klubu üçün “dirim-dirim” oyunudur: “Adətən belə əhəmiyyətli oyunlar ölüm-dirim oyunu olur. Amma həqiqətən bu dəfə elə dediyim kimi “dirim-dirim” oyunudur.

Çünki nəticədən asılı olmayaraq “Qarabağ” FK bu oyunda "ölə" bilməz. Ən pis halda təcrübə qazanar. Bu mərhələ, bu yerdə olmaq elə diri qalmaq deməkdir.

Axşamın ilk oyunu “Qarabağ” FK oyunudur və bütün dünyanın gözü Bakıda olacaq.

Nəzərə almaq lazımdır ki, rəqib Bakıya 2000 azarkeşi ilə birgə gəlib.

Bu gün komandanı stadiondan həmişəki kimi dəstəkləyəcəm. Bütün gələn azarkeşlərdən də maksimum aktiv olmasını xahiş edəcəm.

Əgər “Qarabağ” ənənəvi taktikasından kənar oynasa, rəqibə görə plan qursa, ən azı heç-heçə üçün ümid etməyə dəyər.

Yox, ənənəvi “Qarabağ” taktikası yürüdülsə (öndə pres və qısa paslarla müdafiədən çıxmaq) “Liverpul” ilə oyunun oxşarı yaşana bilər.

İstənilən halda, nəticədən və hesabdan asılı olmadan Qurban Qurbanov və onun oyunçularına güvənirik.

Tofiq Bəhramov adına Respublika stadionunun bu gecə möcüzəvi nəticəyə şahidlik etməsini çox istəyirik.

Mən sadəcə bu mərhələnin və olduğumuz yerin zövqünü yaşamağa çalışacam və azı “Qarabağ” FK-dan layiqli mübarizə gözləyəcəm.

Bukmeykerlər açıq-aşkar rəqibi favorit görsə də, içimdən bir səs ən azı bərabərlik üçün pıçıldayır”.

Medianews.az

Bizə qoşulun