Bu həftə ağır yol qəzasında övladını itirmiş vəkil Fərhad Mehdiyev özünün feysbuk hesabında cəmiyyətə, xüsusilə valideynlərə bir sıra mesajlar verir.
Xatırladaq ki, 17 yaşlı Zəhra Fərhad qızı Mehdiyeva iyunun 16-sı sürdüyü motosikletlə Bakı-Quba yolunda “Mercedes” markalı avtomobilə çırpılıb. Xəstəxanaya çatdırılsa da, Zəhranın həyatını xilas etmək mümkün olmayıb.
Medianews.az-ın məlumatına görə, Fərhad Mehdiyev övladını motosikletdən uzaqlaşdıra bilməməsini həyatda ən böyük uğursuzluğu, ən böyük səhvi kimi vurğulayır və valideynlərə məsləhət görür: uşaqlarınızı, doğmalarınızı “byke” (motosiklet, elektrovelosiped) sürməyə qoymayın.
“Sevdiklərinizlə daha çox vaxt keçirin” deyən Fərhad Mehdiyev daha bir feysbuk qeydində yazır:
“Valideynlərə, xüsusilə atalara tövsiyələrim var, bunları nəzərə alın ki, həyat sizi yandırmasın.
Son 2 ildə mən qızımın tərbiyəsinə ciddi qarışmırdım, reklam çəkib pul qazanırdı, hətta mənə "Ata, blogerlər vəkillərdən çox pul qazanır" deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o, incəsənətdə oxumaqda israrlı idi.
Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə "pis ata", lap "abyuser" desinlər; səbirlə uşaqlarınızı 23-25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.
Siz onlara nəzarət etməsəniz, - "öz həyatım var, işlərim çoxdur" deyə - bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.
Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funksiya və borcudur.
Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur”.