Medianews.az
“Pirr qələbəsi”ndən
95 baxış

“Pirr qələbəsi”ndən “Şir qələbəsi”nə

Səmimi deyirəm, bu günlərdə istədim ki, İransevər dostlara mesaj yazam, onları Tehranın Vaşinqton və Təl-Əviv üzərində qazandığı zəfərə görə təbrik edəm, amma əl saxladım, vaz keçdim. Düşündüm ki, birdən xətirlərinə dəyər, elə bilərlər, rişxənd edirəm.

Həssas və mübahisəli məsələdir. Çünki o tərəfdə də Tramp və komandası deyir ki, qələbə qazanmışıq, İranı təslim etmişik. Bir savaş – iki qalib. Belə şeylər adətən futbolda olur. İki dev komanda döşləşir, oyun heç-heçə bitir, tərəflərin ikisi də uduzmadığına görə özünü qalib sayır.

Sadəcə, hazırda Tehranda qələbə paradı keçirilir, amma Vaşinqton öz qələbəsini təvazökarlıqla qeyd edir, göyə fışfışa atmır. Pentaqona qonmuş dünənin jurnalisti (“Jurnalistə böyük vəzifə verildi” başlığı bircə ona yaraşır) Pit Heqset arabir deyir ki, müharibə hələ bitməyib, eləcə, atəşkəsdir.

Atəşkəsin qələbə kimi qeyd edilməsi haqq-hesabı tanış səhnədir. 1994-cü ilin may ayının 12-də Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Bişkek şəhərində atəşkəs sazişi imzalayanda biz məyus olmuşduq, amma ermənilər atəşfəşanlıq etmiş, şampan partlatmışdılar, qələbə paradı keçirmiş, “igid zinvor”lar haqqında qəhrəmanlıq dastanları bağlamağa başlamışdılar.

Biz düz 26 il boyunca onları inandıra bilmədik ki, vallah, müharibə bitməyib, davamı olacaq. Onlar deyirdilər, ara, yox e, dalaşdıq, sizi döydük, məsələ bitdi.

O söhbətin axırının necə olduğunu hamınız bilirsiniz. Təzədən dalaşdıq, kimin ağzı cırıldı, ondan da xəbəriniz var. İndi bəziləri İrəvanda “yenidən dalaşacağıq” deyə meydan sulayırlar və ataların məşhur ifadəsinin (“Yıxılan təhləvan güləşməkdən doymaz”) hikmətini təsdiq edirlər, amma gərək ağıllı olsunlar. Müharibə pis şeydir. Qoy həmişə sülh olsun. Şəxsən mən özüm 2023-ün sentyabrından bəri qatı “novar”çıyam.

Fəqət ABŞ-İran savaşında incə məqamlar var, gərək onları qeyd edək.

Təvazökarlıqdan ABŞ-nin Alyaska ştatı qədər uzaq olsa da, deyim ki, Trampın rindü-şeyda olduğunu hələ 10 il öncə yazmış biri kimi o kişiyə etibar olmadığını bir daha təkrar edirəm. İran qazandığı qələbənin qədrini bilməlidir, “qızılbaşı” (sırf saçının rənginə görə) hirsləndirməməlidir. Onsuz da o, tez hövllənir, bir də gördün, B-2-ləri təzədən göndərdi üzü bəri.

Ona görə də İran gərək bu qələbə söhbətini, türkün sözü, çox abartmasın.

ABŞ-yə və İrana eyni dərəcədə rəğbət bəsləməyən, neytral bir simsar adam var, neçə gündür İransevərlərin qələbə nidalarına diqqət edərək deyir: “İranın qazandığı qələbə, bilirsən, nəyə oxşayır? Elə bil, iki qonşudur, biri yekəpərdir, biri də bəstəboy, sözləri çəpləşir. Yekəpər hədələyir ki, məni ora gətirtmə, çəpəri keçərəm, şalvarını çıxararam. Bəstəboy da dilini dinc qoymur, deyir, keçməyən kişi deyil. Yekəpər çəpərdən aşır, bunu salır şillə-təpiyin altına, arvad-uşağının gözü qabağında toz-torpaqda eşir, leşini atandan sonra qayıdıb gedir. Bəstəboy qalxır ayağa, üst-başını çırpır və deyir, get, oğraş, şalvarımı çıxarda bilmədin. Bax, indi bəzilərinin dediyi ona oxşayır. Deyirlər ki, Tramp öz məqsədinə çata bilmədi”.

Nə bilim, hərənin qələbə anlayışı bir cürdür. Əkə-bükə politoloqlar belə qələbələrə “Pirr qələbəsi” deyirlər. Biz də “Şir qələbəsi” deyək, ötüşdürək.

Amma münaqişəyə soyuq ağılla və qlobal aspektdən yanaşan yoldaşlar deyirlər ki, bu müharibədə udan yoxdur, hamı uduzub – İran da, ABŞ də, İsrail də, körfəz ölkələri də, Avropa dövlətləri də, eləcə də Rusiyadan başqa, hamı.

Gerçəkdən də aktiv müharibə aparanların, toplam götürsək bir neçə trilyon xərci çıxıb, Hörmüz boğazının bağlanması, neftin qiymətinin qalxmasıyla bütün ölkələrə ziyan dətib. Düzdür bizim neftimiz bahalaşıb, 3-5 milyard qabağa düşmüşük, əvəzində N qədər müəssisəmizin, biznes strukturlarımızın işi dayanıb. Çünki onların malı Hörmüzdn keçib Dubaya gəlir, oradan da ölkəmizə gətirilirdi. İndi mümkün deyil.

Onlar da çox arzulayırlar: “Gün o gün olsun ki, qurtarsın dava, dağılsın buludlar, açılsın hava”.

Hələ mən bu bombardmanlar nəticəsində ekologiyaya, təbiətə nə qədər ziyan dəydiyini demirəm. Xalqımız musson yağmurlarına oxşayan aramsız yağışların səbəbini bombalarda görür, deyirlər, bomba yağışı iqlimi dəyişdirib. Bu, nə qədər dəqiq mülahizədir, bunu artıq yapon və İsveç alimləri deyə bilər. Onlar deyəndə heç kim şəkk eləmir.

Bu baxımdan simsarları qələbə münasibəti ilə təbrik edə bilmirəm. Çünki birini qələbə münasibəti ilə təbrik edəndə gərək alqış da söyləyəsən, məsələn, deyəsən ki, “qələbələrinin davamı gəlsin”, “belə uğurların bol olsun”, “daha böyük qələbələr arzulayıram”-filan. Qorxuram ki, indiki vaxtda bu qarğış kimi səslənər.

Trampın dediklərinə əsasən Amerikapərəst dostları da qələbə münasibəti ilə təbrik etmək olar, amma onlar bir az məyusdurlar, deyirlər ki, Pentaqon əlini bulamışkən, gərək sərbazların və mollaların mülki libasa keçmələrini təmin edəydi. Hərçənd onlar əmindirlər ki, “hələ əsas pəstəha qabaqdadır, İran ya uranı verəcək, ya da özü bilir, nə olacaq”.

Bax, qorxulusu budur. Atəşkəs gecəsi milyonlarla insan qorxusundan yata bilmirdi ki, indicə Tehrana yekə bomba atılacaq. Getsin, gəlməsin o günlər.

**
Dünya köhnə dünyadır, ordunu bada verən sərkərdələri təzədir.

Samir SARI 

Bizə qoşulun