Medianews.az
Tükənmişlik sindromu – Çağdaş dövrün bəlalarından biri –
122 baxış

Tükənmişlik sindromu – Çağdaş dövrün bəlalarından biri – TƏHLİL 

Son illərdə həyatın sürətlənən ritmi, bitmək bilməyən iş yükü və “həmişə daha çoxunu et” tələbi insanları aşkar və ya gizli şəkildə tükəndirir. Çox vaxt fərqinə varmadığımız bu yorğunluq elə bir həddə çatır ki, gündəlik həyatın ən sadə və rutin işlərini belə yerinə yetirmək çətinləşir. Əksər halda bunu sadəcə adi yorğunluq kimi qəbul edirik, lakin psixologiyada bu vəziyyətin konkret bir adı var – tükənmişlik sindromu (“burnout”).

Nədir bu tükənmişlik sindromu? Əsas psixoloji və fiziki əlamətləri hansılardır? Bu sindrom iş qabiliyyətinə və şəxsi həyata necə təsir edir? Sindrom uzun müddət davam edərsə, hansı ciddi nəticələrə gətirib çıxara bilər?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Medianews.az-a açıqlamasında bildirib ki, son illərdə həyat ritminin sürətlənməsi, davamlı performans gözləntiləri və “daha çox et” yanaşmasının normaya çevrilməsi həqiqətən də insan psixikasına ciddi təzyiq yaradır.

Psixoloqun sözlərinə görə, bu təzyiq uzun müddət kompensasiya olunmadıqda və bərpa mexanizmləri işə düşmədikdə tükənmişlik sindromu formalaşır: “Tükənmişlik sadəcə yorğunluq deyil, xroniki emosional, zehni və fiziki resursların tədricən tükənməsi ilə xarakterizə olunan kompleks psixoloji vəziyyətdir. Bu vəziyyət əsasən iş mühiti ilə bağlı olsa da, zamanla insanın bütün həyat sahələrinə yayılır. Tükənmişliyin əsas mahiyyəti ondan ibarətdir ki, insan artıq əvvəlki kimi enerji toplaya bilmir, motivasiya zəifləyir və gördüyü işlər ona mənasız gəlməyə başlayır.

Ən tipik psixoloji əlamətlər emosional boşluq hissi, tez əsəbiləşmə, diqqətin zəifləməsi, qərarvermədə çətinlik, işə marağın itməsi və bəzən sinizm və ya laqeydlikdir. İnsan əvvəl sevdiyi fəaliyyətlərdən belə uzaqlaşmağa başlayır. Fiziki səviyyədə isə xroniki yorğunluq, yuxu pozuntuları, baş ağrıları, əzələ gərginliyi, həzm problemləri və immun sistemin zəifləməsi müşahidə oluna bilər. Bəzi hallarda insan özündə səbəbsiz narahatlıq və ya daxili gərginlik hiss edir, lakin bunun mənbəyini dəqiq müəyyənləşdirə bilmir”.

Elnur Rüstəmov qeyd edib ki, bu sindromun iş qabiliyyətinə təsiri olduqca ciddidir: “İlk mərhələdə insan daha çox çalışaraq vəziyyəti kompensasiya etməyə çalışır, lakin bu yanaşma əks effekt verir. Diqqət və yaddaş zəiflədiyi üçün səhvlər artır, məhsuldarlıq azalır və qərarvermə keyfiyyəti aşağı düşür. Bu isə həm fərdi performansa, həm də komanda daxilində münasibətlərə mənfi təsir edir.

Şəxsi həyat da bu prosesdən kənarda qalmır. İnsan ailə üzvlərindən emosional olaraq uzaqlaşa, sosial münasibətlər zəifləyə və tədricən izolyasiya meyli yarana bilər. Nəticədə həyat keyfiyyəti ümumən aşağı düşür”.

Uzun müddət davam edəndə tükənmişliyin daha ciddi psixoloji və somatik nəticələrə gətirib çıxardığını vurğulayan Elnur Rüstəmov vurğulayıb ki, bu vəziyyət depressiv pozuntulara zəmin yaradır, təşviş səviyyəsi yüksəlir və bəzi hallarda panik reaksiyalar müşahidə olunur: “Xroniki stress fonunda ürək-damar sistemi problemləri, arterial təzyiqin yüksəlməsi və metabolik pozuntuların riski artır. Eyni zamanda insanın özünə inamı zəifləyir, peşəkar identiklik böhranı yarana bilər və bu da karyera qərarlarına təsir edir.

Ən vacib məqam ondan ibarətdir ki, tükənmişlik birdən-birə yaranmır, mərhələli şəkildə inkişaf edir və erkən mərhələdə müdaxilə olunduqda geri çevrilə bilən bir vəziyyətdir. Buna görə də həm fərdi, həm də institusional səviyyədə psixoloji rifahın qorunması, iş yükünün balanslaşdırılması, bərpa fasilələrinin təmin edilməsi və emosional dəstək mexanizmlərinin qurulması xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə uğur yalnız çox işləməklə deyil, eyni zamanda psixoloji resursları düzgün idarə etməklə ölçülür”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun