"Bu gün klinik psixiatriyanın imkanları genişlənib".
Medianews.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Psixiatriya yardımı haqqında" qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər diaqnostika və müalicədə yeni yanaşmalara əsaslanır:
""Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklərin edilməsi zərurəti psixiatriya sahəsində yeni diaqnostika və müalicə metodlarının tətbiqi ilə bağlıdır. Psixiatriya daimi inkişaf edən sahədir və son illərdə yeni müayinə üsulları, innovativ texnologiyalar və müasir müalicə metodları psixiatriya praktikasına daxil olub. Bu isə mövcud qanunvericiliyin yenilənməsini zəruri edir. Əvvəllər psixi xəstəliklərin diaqnostikasında əsasən subyektiv qiymətləndirmələrdən istifadə olunurdusa, hazırda həkimlərin əlində daha dəqiq və obyektiv müayinə üsulları var. Biomarkerlər psixi xəstəliklərin diaqnostikasında getdikcə daha geniş tətbiq olunur və bu üsullar diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır.
Əvvəllər psixi xəstəliklər bəzən müalicəsi mümkün olmayan və ya çətin müalicə edilən xəstəliklər kimi qəbul olunsa da, hazırda klinik psixiatriyanın imkanları xeyli genişlənib. Bu xəstələrin müalicəsində klassik dərman preparatları ilə yanaşı, digər müasir müalicə üsulları da tətbiq olunur. Onlardan maqnitoterapiyadır. Müasir texnologiyalar vasitəsilə beynin müəyyən nahiyələrinə təsir etməklə ayrı-ayrı sindrom və əlamətləri aradan qaldırmaq mümkündür"./ Unikal.az