Medianews.az
Psixoloqdan məktəbdə baş verən dəhşətlə bağlı sərt təklif:
74 baxış

Psixoloqdan məktəbdə baş verən dəhşətlə bağlı sərt təklif: “Valideynlər cəzalandırılsın!”

Bakıda şagirdin məktəb yoldaşını spirtlə yandırması ölkə gündəmini silkələyib. Aprelin 20-də paytaxtdakı 286 nömrəli tam orta məktəbdə IX sinif şagirdinin sinif yoldaşına spirt tökərək onu yandırması cəmiyyət üçün təkcə şok xəbər deyil — bu, məktəb mühitində təhlükəsizlik və nəzarət mexanizmlərinin ciddi suallar doğurduğunu göstərir.

Bu, Bakıda baş verən ilk belə hadisə deyil. Ötən il “İdrak” liseyində şagirdin müəllimə ov tüfəngi ilə atəş açması ölkə gündəmini sarsıtmışdı. Regionda da oxşar tendensiyalar müşahidə olunur — yaxın vaxtlarda Türkiyə məktəblərindən birində şagirdin silahlı hücumu nəticəsində 8 nəfərin həyatını itirməsi geniş rezonans doğurmuşdu.Hadisənin narazılıq doğuran tərəfi isə tərəflər arasında rəsmi barışığın əldə olunmasıdır. Hadisə nəticəsində yaralanan zərərçəkmiş müəllim Şəhla Kamilova onu güllələməkdə ittiham olunan 10-cu sinif şagirdini bağışlayıb. Bununla bağlı rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.

Bu faktlar göstərir ki, məsələ ayrı-ayrı hadisələrdən daha genişdir və artıq məktəblərdə təhlükəsizlik, nəzarət və profilaktika məsələlərinin ciddi şəkildə yenidən nəzərdən keçirilməsini tələb edir.

Medianews.az xəbər verir ki, Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a deyib ki, uşağın gələcəyini məhv etmək ehtimalı olan bütün valideynlər qanun qarşısında cavab verməlidir, valideynlik hüquqları əlindən alınmalıdır: “Sosial şəbəkələrdə və filmlərdə təqdim olunan dırnaqarası münasibətlər və süni həyəcanlar sağlam övlad yetişdirə bilməz. Əzizləməklə, “mama qurban” deməklə valideynlik olmur. Valideynlik həm maddidir, həm də mənəvidir, hər ikisi olmadıqda nəticə dağıdıcı olur. “İnşallah” deyib kənara çəkilmək olmaz. Bu məsuliyyətdən qaçmaqdır. Uşaq taleyə buraxılmaz. Sosial şəbəkələr və filmlər məsuliyyətsiz həyat tərzini normallaşdırır. Saxta münasibətlər, süni emosiyalar, boş qəhrəmanlıq uşağın düşüncəsini zəhərləyir. Uşaq gördüyünü təkrar edir və nəticədə reallıqdan qopmuş, aqressiv və yönləndirilə bilən fərd yaranır. Buna göz yummaq olmaz”.

Klinik psixoloq əlavə edib ki, şagirdlərin aqressivliyi problem deyil, nəticədir: “Səbəb açıqdır, özünü valideyn adlandıran, amma valideynlik etməyən insanlar. Öz övladını tərbiyə edə bilməyən, onu nəzarətsiz böyüdən, öz emosiyalarının və zəifliyinin içində buraxan hər kəs gələcəkdə cəmiyyət üçün təhlükə yaradır. Bu artıq şəxsi məsələ deyil, ictimai təhlükədir. Övladının psixikasını pozan, gələcəyini məhv edən valideyn cəzasız qalmamalıdır. Belə hallarda valideyn hüquqları məhdudlaşdırılmalı, lazım gələrsə tam əlindən alınmalıdır. Bu emosional yanaşma deyil, cəmiyyətin özünü qoruma instinktidir. Uşağı qorumaq üçün valideynə qarşı çıxmaq lazımdırsa, çıxılmalıdır.

Qanunlar sərtləşdirilməlidir. Uşağın psixikasına zərbə vuran hər kəs istisnasız şəkildə ağır cəza almalıdır. Valideyn, müəllim, qohum və ya kənar şəxs fərqi yoxdur. Kim uşaqda nifrət, zorakılıq və aqressiya yaradırsa, o şəxs cəmiyyət üçün təhlükədir və bu təhlükə aradan qaldırılmalıdır. Dolayı təsir edən, manipulyasiya edən, psixoloji təzyiq göstərən hər kəs məsuliyyət daşımalıdır. Məktəb psixoloqlarının fəaliyyəti genişləndirilməlidir. Onlara dərs saatları verilməlidir. Məktəblərdə rüblük və illik psixoloji mühitin dəyərləndirilməsi aparılmalıdır. Hansısa təşəbbüs və ideyalar kimlərinsə pul qazanmaq mənbəyinə çevrilməməlidir. Real işlər görülməlidir, formal yanaşmalar dayandırılmalıdır. Uşaqlarla bağlı ciddi monitorinqlər aparılmalıdır. Qabaqlayıcı addımlar ataraq uşağın psixikasının pozulmasının qarşısını almaq olar. Bizdə isə hadisə baş verəndən sonra hər kəs danışmağa və ya nəsə etməyə çalışır, bu isə artıq gecikmiş reaksiyadır”.

Rövşən Nəcəfovun sözlərinə görə, məktəblərdə pedaqogika, psixologiya, sosial iş, hüquq və media sahələri arasında əməkdaşlıq qurulmalıdır: “Bu sahələr ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə işləməlidir. Sağlam cəmiyyət qurmaq təsadüf deyil, bu sahələrin real şəkildə inkişaf etdirilməsi ilə mümkündür”.

Bizə qoşulun