Medianews.az
Qadınların işləməsi xəyanət hallarını artırır? –
186 baxış

Qadınların işləməsi xəyanət hallarını artırır? – Psixoloqdan RƏY

Son illərdə münasibətlərdə xəyanət hallarının artması tez-tez müzakirə olunur. Bəzi iddialara görə, qadınlar əmək fəaliyyətinə daha fəal qoşulduqdan sonra bu göstəricidə artım müşahidə edilib. Həmçinin qeyd olunur ki, ötən əsrin ortalarına qədər qadınlar arasında xəyanət halları daha nadir idi, lakin indi bu nisbət kişilərlə demək olar ki, eyni səviyyədədir. Münasibətlərdə xəyanət hallarının artmasına təsir edən əsas sosial və psixoloji amillər hansılardır? Eyni zamanda sosial platformaların da rolu varmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında psixoloq Dilrubə Həsənova deyib ki, əslində burada əsas məsələ qadının işləməsi yox, ümumiyyətlə, insanların həyat tərzinin və düşüncə formasının dəyişməsidir.

Onun sözlərinə görə, əvvəllər münasibətlər daha çox məcburiyyət üzərində qurulurdu. Burada həm iqtisadi, həm sosial səbəblərə görə insanlar münasibətdə qalmağa məcbur idilər.

“İndi isə seçim imkanı var. Seçim artdıqca həm münasibətdən çıxmaq, həm də alternativ axtarma ehtimalı artır. Başqa tərəfdən, müasir dövrdə insanlar münasibətdən daha çox şey gözləyir. Təkcə ailə qurmaq kifayət etmir, artıq emosional yaxınlıq, anlayış, diqqət, dəstək ön plana çıxır. Bu ehtiyaclar qarşılanmayanda insan bəzən bunu kənarda axtarmağa başlayır.

Bir məsələ də var ki, əvvəllər kişilərin xəyanəti qəbul olunurdu. İndi isə sərhədlər bir az qarışıb və münasibətlər əvvəlki kimi tənzimlənmir. Eyni zamanda sosial şəbəkələrdə ünsiyyət, mesajlaşma, emosional yaxınlıq kimi hallar bəzən xəyanət kimi qəbul olunmur, amma münasibətə ciddi təsir edir”.

Psixoloq qeyd edib ki, bu məsələdə sosial platformaların rolu da danılmazdır:

“İnsanlar artıq çox daha əlçatan, keçmiş münasibətlərə qayıtmaq daha asan, yeni tanışlıqlar qurmaq isə çox rahatdır. Üstəlik, sosial şəbəkələrdə ideal həyat və münasibət görüntüləri insanlarda müqayisə və narazılıq yarada bilir. Problem təkcə qadınların işləməsi ilə bağlı deyil. Bu, daha çox sosial dəyişikliklər, emosional ehtiyacların artması, münasibətlərdə ünsiyyət problemləri və imkanların genişlənməsi ilə bağlıdır.

Xəyanət təkcə səbəb deyil, çox vaxt münasibətdə yaranan boşluqların nəticəsidir. İnsanlar bu problemləri vaxtında görüb emosional qərarlar verməsələr, ailədaxili çətinlikləri yerində həll edə və xəyanət, boşanma kimi ağır nəticələrin qarşısını ala bilərlər”.

Oğuz Ayvaz

Medianews.az 

Bizə qoşulun