Medianews.az
Qoy mifik “artsax” sizin olsun,
76 baxış

Qoy mifik “artsax” sizin olsun, Qarabağ isə... ƏBƏDİ Azərbaycandır!

İyunun 7-si yaxınlaşdıqca Ermənistanda seçki təbliğat kampaniyası daha amansız xarakter alır. Xüsusən də revanşist düşərgə ictimai şüurdakı köhnə və həssas mövzulardan sui-istifadə eləməklə seçicilərin “saqqızını” oğurlamağa çalışır. İkicə fakt.

Xəbər yayılıb ki, “Ermənistan” blokundan baş nazirliyə namizəd, Xocalı canisi Robert Köçəryan seçki kampaniyası çərçivəsində sərhədimizə – Göyçə mahalının Şişqaya kəndinə gəlib (soydaşlarımızın zorla deportasiyasından sonra nanəcib qonşular kəndin adını eybəcərləşdirərək “Geğamasar” qoyublar). Orada bu itə “artsax bayrağı” təqdim edilib və “artsax bizimdir” şüarı səsləndirilib.

Zavallı toplum. Hələ də başına gələnlərdən dərs almayıb. Niyə, nə üçün belə zəlil günə qaldığını doğru-dürüst anlamayıb. Yaxşı, qoy mifik “artsax” sizin olsun, Qarabağ isə əbədiyyən Azərbaycandır, belə də qalacaq! Hərçənd tarixçi alimlərə görə, “artsax” (“ərsaq”) sözü də türk mənşəlidir: “ər” – “kişi”, “saq” isə qədim türk tayfasının adıdır. Ancaq saxtakar qəbilə onu da özününküləşdirib. İrəvanı “Yereven”, “Üç müəzzin” şəhərini “Eçmiədzin” və s. elədiyi kimi...

“Bu, sülh deyil, rüsvayçılıqdır və biz buna imkan verməyəcəyik”.

“Barıt qoxulu” belə bir bəyanatı isə Köçəryan Göyçəyə gəlişi ərəfəsində səsləndirib. Yəni, bunların xəstə təfəkkürüncə, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquq əsasında sülh müqaviləsi rüsvayçılıq imiş. Çünki Köçəryan hesab edir ki, “Ermənistan 29.7 min kv km-ə sığmayan anlayışdır”.

Ancaq xəyal elədiyiniz o “layiqli sülhü” yuxunuzda görərsiniz. Ya da ən yaxşı halda uydurduğunuz xəritələrdə “tapa” bilərsiniz...

Nikol Paşinyanın “müharibə üçbucağı” aldandırdığı “üçlükdən” baş nazirliyə digər namizədi, rusiyalı oliqarx-milyarder, ev dustaqlığında olan Samvel Karapetyan da Köçəryandan geri qalmır. Görün o, srağagün ikibaşlı şəkildə nə sarsaqlayıb. Sitat: “Yaxın illərdə, bəlkə də onilliklərdə artsaxı geri qaytarmaq mümkün olmayacaq”.

Diqqət edin, “yaxın on illiklər”, “geri qaytarmaq”... Görəsən hansı ağılla o, “artsaxın” nə vaxtsa “geri alına biləcəyindən” dəm vurur? Bu, elə savaş ritorikası deyimi? Paşinyan da neçə vaxtdır söyləmirmi ki, bunlar gəlsə müharibə qaçılmaz olacaq?

Qarabağ erməni torpağıdırmı ki, nə vaxtsa geri də “qaytarıla”? O, çoxdan öz HALAL sahibinə geri dönüb. Həmişəlik və nida işarəsi!

Karapetyan ardınca Bakıda həbsdə yatan erməni cinayətkarların geri qaytarılmasının mümkünlüyünə nəyə görəsə əminlik ifadə edib, lakin Qarabağa ermənilərin dönüşünü “ən çətin məsələ” adlandırıb. “Bu məsələni çox tez həll edəcəyimizi söyləyə bilmərəm, amma buna nail olmaq üçün hər şeyi edəcəyik”, - Rusiyanın “desantı” ərz edib.

“Hər şey edəcəyik...” Yəni yenə savaş anonsu...

Beləcə, əgər Nikol Paşinyan öz xalqına 29.7 min kv km-lik real dövlət, təminatlı və təhlükəsiz gələcək təklif edirsə, revanşist-qırğılar faciələr dolu irreal gələcək vəd edir, axmaq xəyallar qururlar. İyunun 7-də seçim məhz bu iki antaqonist ideologiya, faktiki xeyir və şər arasında olacaq.

Ümid edək ki, hələ də “göylərdə süzən” radikal-avantürist ünsürlər erməni cəmiyyətində artıq azlıqda qalıblar. İstənilən halda Azərbaycan Prezidentinin iki gün qabaq Zəngilandan xəbərdarlıq elədiyi kimi, qonşu toplumda revanşist ovqat qaldıqca ehtiyatımızı əldən verməməli, arxayınlaşmamalıyıq. Yəni, barıtımızı da daim “quru” saxlamalıyıq.

Sonda yeri gəlib yada salaq: illər öncə AŞ PA-da Ermənistan prezidenti qismində çıxış edən Köçəryan “ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə” irqçi fikir irəli sürmüşdü. İndi belə birisinin hakimiyyətə qayıdışı, əlbəttə ki, erməni faşizminə “ikinci nəfəs” verə, altını isə yenə zavallı erməni xalqı çəkə bilər. İlham Əliyevin Zəngilanda söylədiyi kimi, o halda erməni xalqının başı dərddə olacaq. Yenidən.

Elə isə bilə-bilə təzədən bataqlığa girməyə dəyərmi?..

Z. SƏFƏROĞLU

Bizə qoşulun