Ramazan süfrəsinin əvəzsiz neməti olan xurma zəngin enerji mənbəyidir.
Medianews.az xəbər verir ki, bu elmi araşdırmalarla sübuta yetirilib.
Xurma uzunmüddətli aclıqdan sonra bədənin ehtiyac duyduğu enerjini və tarazlığı təmin edir. İftarda qan şəkərini tənzimləyir, təbii şəkər tərkibi sayəsində enerjini qana yavaş ötürərək gün ərzində balanslı güc verir. Sahurda isə toxluq müddətini uzadır.
B1 və B2 vitaminləri ilə zəngin olan xurma qaraciyər funksiyalarına müsbət təsir göstərir. Natriumun az, kaliumun isə çox olması ürək-damar sağlamlığını qoruyur, yüksək təzyiq riskini azaldır və damarların elastikliyini dəstəkləyir.
Həmçinin liflə zəngin olan xurma həzmi tənzimləyir, su saxlama xüsusiyyəti ilə susuzluq hissini azaldır. Bu səbəbdən pəhriz siyahılarında da tez-tez yer alır.
Tərkibindəki təbii qlükoza beyin üçün əsas enerji mənbəyidir, oruc zamanı yaranan baş ağrısı və zəiflik hissini azalda bilər. B qrupu vitaminləri isə sinir sistemini gücləndirir.
Maqnezium, manqan, mis və selen kimi minerallarla zəngin olan xurma sümük inkişafına kömək edir və sümük əriməsi riskinə qarşı təbii dəstək sayılır.
Mütəxəssislər Ramazan boyunca xurmanın ölçülü şəkildə istifadəsini tövsiyə edirlər.
Medianews.az