Medianews.az
“Ruslanın qisasını aldım” -
98 baxış

“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu

Şamaxıda MMA üzrə məşqçi Orxan Hacıyevi qətlə yetirən Amil Surxayevin məhkəmə prosesi başa çatıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin hökmünə əsasən, 28 yaşlı təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.

Amil Surxayev cinayəti qisas məqsədilə törətdiyini etiraf edib. Onun ifadəsinə görə, qardaşı Ruslan Surxayevin Orxan Hacıyev tərəfindən  qətlə yetirilməsini və bu cinayətə görə cəmi iki il sonra azadlığa çıxmasını həzm edə bilməyib.

Məlum olub ki, Orxan həbsdən çıxdıqdan sonra Amil tərəfindən izlənilib və onun yerini Şamaxıda müəyyən edib. Mərhum qardaşına məxsus silahı götürən Amil, Orxanın yaşadığı ünvana gələrək onu tək yaxalamağı planlaşdırıb. O, yaranan ilk fürsətdə bir dəfə Orxanın qarın nahiyəsinə atəş açıb. Zərərçəkən Orxan Hacıyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Amil Surxayev polisə təslim olub, qardaşını öldürən Orxanı qətlə yetirdiyini, peşman olmadığını bildirib.

Amil ifadəsində onu da əlavə edib ki, Orxan Hacıyev qardaşının qətli ilə bağlı sosial şəbəkələrdə artıq-əskik rəy yazanlara cavab verməyib, qardaşı barədə "Allah rəhmət eləsin!" cümləsini işlətməyib. Bunun əvəzinə, müəllim kimi fəaliyyətini davam etdirəcəyini bildirib ki, bu da onda qıcıq yaradıb.

Qeyd edək ki, Amilin qardaşı Ruslan Surxayev 2020-ci ildə Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi isə işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salmış, istintaq və məhkəmə dövründə təqsirləndirilən şəxs bu cəzanı çəkdiyindən məhkəmə zalından azadlığa buraxılmışdı. 2025-ci ilin martında isə Amil Surxayev Orxan Hacıyevi qətlə yetirib.

Fotoda Ruslan Surxayev

Xatırladaq ki,  Ruslan Surxayev də tanınmış idmançı idi. Sərbəst güləşçi gənclər arasında Avropa çempionu, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi, Dünya birinciliyinin isə gümüş mükafatçı olmuşdu.

Bizə qoşulun