Medianews.az
Süni şirinləşdiricilər alzheimer riskini artıra bilər –
121 baxış

Süni şirinləşdiricilər alzheimer riskini artıra bilər – Mütəxəssisdən xəbərdarlıq

Şəkər istehlakını azaltmaq istəyənlərin daha sağlam alternativ kimi istifadə etdiyi süni şirinləşdiricilər beyin sağlamlığı üçün risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu maddələrin həddindən artıq qəbulu yaddaş zəifləməsi və alzheimer xəstəliyinin yaranma ehtimalını artıra bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı türkiyəli nevrologiya üzrə mütəxəssisi İsmet Üstün danışıb.

Nevroloq qeyd edib ki, süni şirinləşdiricilər əvvəlcə əsasən şəkərli diabet xəstələri üçün hazırlanmışdı. Məqsəd qanda şəkərin səviyyəsini artırmadan içkilərə şirin dad vermək idi. Lakin qida sənayesinin inkişafı ilə bu maddələr təkcə çay və qəhvədə deyil, çoxsaylı hazır qidalarda da geniş istifadə olunmağa başlayıb. Ən çox rast gəlinən süni şirinləşdiricilər arasında aspartam, sukraloz, eritritol və saxarin var.

Mütəxəssisin sözlərinə görə, süni şirinləşdiricilərin ən böyük təsirlərindən biri bağırsaqlarda müşahidə olunur. Onların həddindən artıq qəbulu bağırsaq florasının balansını pozur, faydalı bakteriyaların azalmasına və zərərli bakteriyaların artmasına səbəb olur. Bu vəziyyət orqanizmdə iltihab prosesini gücləndirir və zərərli maddələrin çoxalmasına gətirib çıxarır.

İsmet Üstün bildirib ki, normalda beyni qoruyan “qan-beyin baryeri” zərərli maddələrin beyinə keçməsinin qarşısını alır. Lakin süni şirinləşdiricilərin yaratdığı toksik maddələr zamanla bu baryerin keçiriciliyini artıra bilər. Nəticədə iltihabi proseslər beyinə də təsir edir və düşünmə sürətinin azalması, diqqət pozğunluğu, unutqanlıq kimi problemlər yaranır. Uzun müddətdə isə demensiya və alzheimer kimi xəstəliklərin inkişafı üçün zəmin formalaşa bilər. Bundan başqa, miqren və xroniki baş ağrılarının da bu maddələrlə əlaqəli ola biləcəyi bildirilir.

Mütəxəssis xüsusilə hazır qida istehlakının artdığı dövrdə məhsul etiketlərinə diqqət yetirməyin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün mümkün qədər təbii qidalanmaq, emal olunmuş məhsullardan uzaq durmaq və süni şirinləşdiricilərin istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun