Türkiyənin Mersin şəhərinin Anamur rayonunda orta məktəblərdən birində silahlı insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
İddiaya görə, 12 yaşlı şagird məktəb direktoru Ender Karaya tüfənglə atəş açıb.
İstintaqın ilkin ehtimallarına görə, şagirdlə 30 yaşlı məktəb direktoru arasında yaranan problemin kökündə sadə bir xəbərdarlıq dayanır. Belə ki, ötən həftə direktor şagirdə məktəbin həyətində elektrikli skuter sürməyi qadağan edib və ona irad bildirib. Yeniyetmənin bu səbəbdən direktordan qisas almaq qərarına gəldiyi ehtimal olunur.
Hazırda hüquq-mühafizə orqanları 12 yaşlı uşağın odlu silahı haradan və necə əldə etdiyini araşdırır. Hadisə nəticəsində onun atası da həbs edilib.
Xatırladaq ki, ağır yaralanan direktorun müalicəsi xəstəxanada davam etdirilir.