Kahramanmaraş şəhərində məktəbə silahlı hücumdan sağ çıxan 5-ci sinif şagirdi Fatma İkra Çam hadisə anında yaşadıqlarını bölüşüb.
Medianews.az bu barədə Haberler.com-a istinadən xəbər verir.
Şagird bildirib ki, hücum edən şəxs sinfə daxil olaraq ingiliscə “qaçışınız yoxdur” deyib və dərhal atəş açmağa başlayıb.
Hadisə zamanı partanın altında gizlənən şagird bildirib ki, sinif yoldaşı onun qarşısına keçərək onu güllələrdən qoruyub. Daha sonra sinifdən çıxan hücumçudan xilas olmaq üçün pəncərədən atılıb və ayağından xəsarət alıb.
Müalicə olunduqdan sonra evə buraxılan şagird hadisənin ona ciddi psixoloji təsir göstərdiyini deyib: “Qorxudan nə evə, nə də məktəbə getmək istəyirəm. Dediyi sözlər hələ də yuxularıma girir”.
Şagird həmçinin xəstəxanada müəlliminin və iki sinif yoldaşının – Belinay Nur Boyraz və Kerem Erdem Güngörün həyatını itirdiyini öyrəndiyini bildirib. Onun sözlərinə görə, müəllimi şagirdlər tərəfindən çox sevilən, dərsi aydın izah edən bir pedaqoq olub.
Xatırladaq ki, hücum nəticəsində 1 müəllim daxil olmaqla 9 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Medianews.az