Medianews.az
Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir -
81 baxış

Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir - FOTO

2026-cı il aprelin 9-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) Amerika Birləşmiş Ştatlarının Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) baş müşaviri Stefan Qardnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Medianews.az manset.az-a istinadla xəbər verir ki, görüşü giriş nitqi ilə açan Anar Bağırov qonaqları salamlayaraq Kollegiyanın fəaliyyəti, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Anar Bağırov xüsusilə arbitraj sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə CLDP ilə əməkdaşlığın genişləndirilməsinin, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsinin artırılmasının, eləcə də vəkillər üçün ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edib.

Bununla yanaşı, sədr Kollegiya tərəfindən bu sahədə həyata keçirilən layihələr, görülən işlər və VK-nın Biznes Hüququ Komitəsinin fəaliyyəti barədə məlumat verib, VK mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüş üçün təşəkkürünü ifadə edən CLDP-nin baş müşaviri Stefan Qardner VK ilə mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın vəkillərin beynəlxalq təcrübəni mənimsəməsi və peşəkar bacarıqlarının artırılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə təşəbbüslərlə bağlı təkliflər səsləndirilib və xatirə hədiyyələri təqdim edilib.

Bizə qoşulun