Medianews.az
"Xəzər Lənkəran" çempionata qayıdır?
231 baxış

"Xəzər Lənkəran" çempionata qayıdır?

2004-2016-cı illərdə Azərbaycan çempionatlarında iştirak etmiş "Xəzər Lənkəran" futbol klubunun yenidən fəaliyətə başlaşlayacağı barədə söz-söhbətlər yaranıb. Yayılan xəbərlərə görə, Türkiyədə fəaliyyət göstərən iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov yenidən kluba sponsorluq etməyə razılaşıb.

İdman jurnalisti Anar Xanlarov yayılan məlumatlara bəzi aydınlıq gətirib. O, məsələ ilə əlaqədar kiçik bir araşdırma apardığını qeyd edib.

“Son günlər yenə "Xəzər Lənkəran"ın dönüşü ilə bağlı xəbərlər yayılıb və budəfəki məlumat reallığa yaxındır. Bilirsiniz ki, komandanın keçmiş futbolçuları Zaur Ramazanovla Alim Qurbanov bu yaxınlarda İstanbulda olublar və klubun sahibi Mübariz Mənsimovla görüşüblər. Mübariz Mənsimov komandaya baxmağa hazır olduğunu bildirib. Zaur Ramazanovla şəxsən danışdım və özünün dilindən çıxan sözü deyirəm. Bu dəfə məsələ ciddiyə oxşayır, inşallah ki, reallaşar. Zaurgil AFFA rəhbərliyi ilə görüşəcək. Belə başa düşdüm ki, komandanın hansı liqadan mübarizəyə başlaması da müzakirə olunacaq. Düşünürəm ki, reqlament, idman prinsipləri imkan verərsə, I Liqadan da qoşulmaq olar. Çünki "Xəzər Lənkəran" Premyer Liqanı tərk edib I Liqaya düşmüşdü. Fəaliyyətini bərpa edib yenidən bu liqada oynaya bilər”, - A.Xanlarov deyib.

Xatırladaq ki, 2016-cı ilin may ayında Azərbaycan çempionatındakı iştirakını dayandıran "Xəzər Lənkəran" 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun, 1 dəfə Azərbaycan Superkubokunun və 1 dəfə Birlik Kubokunun qalibi olub.
Klub ev oyunlarını 15000 azarkeş tutumuna malik olan Lənkəran şəhərindəki mərkəzi stadionunda keçirib.

Mövcud olduğu dövrdə "Xəzər Lənkəran" Azərbaycanda yerli klublar arasında ən böyük azarkeş kütləsinə sahib olub./modern.az

Bizə qoşulun