
Bu səfər haqqında danışacağım xanım – aktrisa bir vaxtlar gözəllik, stil ikonası olub. Lakin onun ehtiraslı, bir az da yöndəmsiz şəxsi həyatı jurnalistləri daha çox maraqlandırırdı, nəinki yaradıcılığı. O isə daim pressanın onu rahat buraxmadığından, hər addımını izləmələrindən şikayət edirdi.
Bu ötən əsrin gözəllik simvollarından sayılan məşhur fransız aktrisası Bridcit Bardodur...
Tək bir kişiyə aid olmayan, yalnız bir kişini sevməyi, ona sədaqətli olmağı bacarmayan, kişi məşuqlarının sayı-hesabı bilinməyən Bridcit Bardo.
Bridcitin bir zəif xüsusiyyəti də vardı, o çəkildiyi bütün filmlərdəki tərəf-müqabillərinə mütləq şəkildə aşiq olmalı idi. Bu onun üçün artıq bir ritual idi.
Aktrisa 1934-cü ilin 28 sentyabrında varlı ailədə dünyaya gəlib. Bridcidin olduqca kompleksli uşaqlığı olur. Lakin illər keçir və kompleksli qızcığazdan əsər-əlamət qalmır. Bir gün Bridcit hələ uşaq ikən bir falçı onun əyləşdiyi masaya yaxınlaşır və atasına deyir: - “Gün gələcək sizin adınızı bütün dünya biləcək...”
Bunun Bridcitin sayəsində mümkün olacağı isə o vaxt nə onun, nə atasının ağlına gələ bilməzdi. Nəzərə alsaq ki, aktrisanı uşaqlıqda heç kim gözəl saymırdı, üstəlik ona “eybəcər ördək” ləqəbini də qoymuşdular. Lakin bu çirkinlik uzun sürmür...
İllər keçir və bu çəpgöz, eynəkli qız cazibədar, gözəl və incə yerişli xanıma çevrilir. Bu xoşagəlimli xarici görünüş “Elle” jurnalının əməkdaşının nəzərindən qaçmır və bir müddət sonra Bridcitin fotoları dünyanın ən tanınmış jurnalının üz qabığını bəzəyir.
Gözəl gənc xanım kinoya da dəvət alır. Buradan da Bardonun sevgi macəraları başlayır. Burada o, rejissor köməkçisi Roje Vadimlə tanış olur. Bridcit Roje ilə münasibətlərə qarşı çıxan imkanlı valideynləri ilə əsl savaşa başlayır və sonda qalib gəlir. Beləliklə, aktrisanın ilk evliliyi 18 yaşında ikən gerçəkləşir.
Roje Vadimin həyat yoldaşı olduqdan sonra Bridcit kinoda yerini rahatlayır. İstedadlı ər ssenari yazır və xanımını “Və Allah qadını yaratdı” filmində baş rola çəkir. Film ərzində aktrisa bir neçə dəfə lüt pozalarda çıxış edir. Lakin nə Roje, nə Bridcit üçün bu problem deyildi. Film dünyada, o cümlədən, ABŞ-da böyük tamaşaçı kütləsi toplayır.
Lakin Bridcit ərinə uzun müddət sədaqətli qala bilmir. Belə ki, aktrisa “Və Allah qadını yaratdı” filmində tərəf-müqabili aktyor Jan Lui Tretinyana aşiq olur.
- “Rojeyə qarşı heç nə hiss etmirəm, ərimlə bacı-qardaş kimi yaşayırıq” – deyə aktrisa Roje Vadimlə münasibətləri barədə deyir. Deyəsən, bu kəs Bridcit həqiqətən, aşiq olmuşdu, ancaq yox... Tretinyan hərbi qulluğa çağrılır və Bardoda yenidən aşiq olmaq tələbatı yaranır.
Məsafəli sevgilər onun üçün deyildi. Sevgisiz bir gün də yaşamazdı, o ki, qalmışdı üç il... Fransız aktrisa dalbadal məşuqlarını dəyişir. Aktrisa qısamüddətli münasibətlərdən sanki zövq alırdı və münasibətlərdən tez də bezirdi.
İkinci dəfə aktrisanı rəsmi olaraq evliliyə hamiləliyi məcbur edir. 1959-cu ildə “Babetta müharibəyə gedir” filmi çəkilir. Bu uğurlu filmdə Bridcit təbii ki, tərəf-müqabili Jak Şarye ilə eşq yaşayır və ondan hamilə qalır. Nə qədər də istəsə, icazə olmadan uşağı abort etdirə bilmir. Qalmaqallı toy mərasimi ilə müşaiyət olunan evlilik də uzun sürmür. Oğulları dünyaya gələndən sonra hər şey başa çatır. Bridcit ərinin qoyduğu heç bir qanunlara tabe olmur...
Aktrisanın üçüncü əri alman milyonçu Günter Zaks olur. Bridcit ilk dəfə idi ki, özünü xoşbəxt hiss etdiyini söyləyirdi: - “Zaks çox nəzakətlidir, o mənim hər bir şıltaqlığıma dözür, nazımla oynayır” . Ancaq bu nazların da ömrü qısa olur. . Milyonçu həyat yoldaşı xanımına xəyanət etməyə başlayır, Bridcit də ondan geri qalmır. Bir neçə ildən sonra ailə dağılır. Bardo yenidən azad idi – qısa müddətli eşq macəraları üçün azad idi...
Bridcit Bardonun növbəti - dördüncü “qurban”ı 1992-ci ildə ailə həyatı qurduğu siyasətçi Bernal d’Ormal olur.
Öz kino karyerası müddətində Bridcit Bardo 50-dən çox filmdə çəkilib. Yüngüljanrlı filmlərlə yanaşı, aktrisa kifayət qədər ciddi filmlərdə - “Həqiqət” (1960-cı il) , “Nifrət” (1963-cü il) və s. çəkilib.
1973-cü ildə fransız aktrisa gözlənilmədən hamının təəccübünə səbəb olan qərar verir. O, kinokaryerasına son verdiyini, daha seks-simvol olmaqdan bezdiyini elan edir. Bu xəbərdən sonra pressada Bardonun ağlı ilə problemlərinin yaranması barədə yazılar gedir. Aktrisa isə məqsədində israrlı idi. O, özünü tamamilə heyvanların müdafiəsinə həsr edir. Dünya şöhrətli fransız aktrisasının indiki fəaliyyəti də bundan ibarətidir. O, xeyriyyə cəmiyyətləri yaradır, dünya faunasını qorunması, heyvanlara əzab verilməməsi uğrunda mübarizə aparır.
Bridcit Bardo bir neçə dəfə fransız məhkəməsi tərəfindən cərimə də edilir. Belə ki, o, Fransada məscidlərin çoxalmasının yaxşı hal olmadığını, bunun neçə əsrlik fransız tarixinə, incəsənətinə bir zərbə olması barədə açıq iddialarla çıxış edir.
2003-cü ildə işıq üzü görmüş “Sakitlikdə haray” kitabında Bridcit Fransanın islamlaşmasından narahatlıq hissi keçirdiyini yazır. Bu səbəbdən aktrisanı dəfələrlə irqi, dini ayrı-seçkilik etdiyinə görə mühakimə edirlər. Aktrisa müsəlmanların öz milli bayramlarında qoyunları boğazlarından kəsmələrinin insanlığa sığışmadığını söyləyir. 2008-ci ildə baş tutan sonuncu məhkəmədə Bridciti bu səpkidə yazmış odlu-alovlu məktubuna görə 15000 avro cərimə edirlər.
79 yaşlı Bridcit Bardo indiyə qədər bir dəfə də olsun plastik cərrahiyəyə müraciət etməyib. “Təbii olmayan hər şeyə nifrət edirəm!” – deyə aktrisa müsahibələrində deyir.
publika.az









