Valyuta bazarında sabitliyin qorunması ölkənin makroiqtisadi siyasətində əsas prioritetlərdən biri kimi çıxış edir. Neft qiymətləri, xarici ticarət balansı və valyuta ehtiyatları milli valyutanın məzənnəsinə birbaşa təsir edən əsas amillərdir. Eyni zamanda, Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət manatın sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, qlobal iqtisadi proseslər və regional risklər mövzu ətrafında müzakirələri aktuallaşdırır: “Azərbaycanda devalvasiya gözlənilirmi?”

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, Azərbaycanda valyuta bazarında sabitliyin qorunması hazırkı mərhələdə dövlətin əsas makroiqtisadi prioritetlərindən biri olaraq qalır.
Onun sözlərinə görə, xüsusilə neft gəlirlərinin yüksək paya malik olduğu iqtisadi modeldə enerji qiymətləri, xarici ticarət balansı və strateji valyuta ehtiyatlarının həcmi manatın məzənnəsinə birbaşa təsir göstərən əsas faktorlar hesab olunur.
“Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının yüksək səviyyədə olması və Dövlət Neft Fondu ilə Mərkəzi Bankın bazara müdaxilə imkanlarının geniş qalması manatın sabitliyini dəstəkləyən əsas amillər sırasındadır. Ölkənin xarici ticarət balansında müsbət saldonun qorunması valyuta təklifini artıraraq məzənnə üzərində təzyiqləri azaldır.
Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət, xüsusilə inflyasiyanın nəzarətdə saxlanılması və valyuta bazarında tarazlığın təmin olunmasına yönəlmiş addımlar da sabitliyə xidmət edir. Son illərdə maliyyə bazarında formalaşan ehtiyatlı yanaşma və bank sektorunda nəzarət mexanizmlərinin gücləndirilməsi də mümkün risklərin qarşısını alan amillərdən hesab olunur”.
Ekspert qeyd edib ki, qlobal iqtisadi proseslər, enerji bazarındakı dəyişkənlik, geosiyasi risklər və dünya maliyyə bazarlarında baş verən dalğalanmalar Azərbaycan iqtisadiyyatına dolayı təsirlər yarada bilər:
“Xüsusilə neft qiymətlərində uzunmüddətli və kəskin azalma baş verərsə, bu, valyuta daxilolmalarına təsir göstərə və bazarda psixoloji gözləntiləri dəyişə bilər.
Mövcud iqtisadi göstəricilər fonunda yaxın perspektivdə kəskin devalvasiya riski ilə bağlı rəsmi siqnallar müşahidə olunmur. Lakin iqtisadiyyatın neft gəlirlərindən asılılığının tam aradan qalxmaması səbəbindən qlobal bazarlarda baş verən dəyişikliklər daim diqqətdə saxlanılır.Hesab edirəm ki, uzunmüddətli valyuta sabitliyinin əsas təminatı qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və investisiya mühitinin gücləndirilməsidir”.
Oğuz Ayvaz,
Medianews.az