Tele-aparıcı və aktrisa Şəbnəm Naibli ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Medianews.az xəbər verir ki, o, bəzi qadınların həyat yoldaşlarını başqalarının ərləri ilə müqayisə etməsini tənqid edib. Naiblinin sözlərinə görə, bu cür yanaşma ailədaxili münasibətlərə mənfi təsir göstərir.
Aktrisa bildirib ki, bir çox insanlar başqalarının həyatına baxaraq öz ailələrində narazılıq yaradırlar. Onun fikrincə, ailədə əsas məqamlardan biri qarşılıqlı anlayış və dəstəkdir.
Şəbnəm Naibli qeyd edib ki, bəzi kişilər ailələrinin rifahı üçün böyük zəhmət çəkir, lakin onların əziyyəti hər zaman lazımınca qiymətləndirilmir. O vurğulayıb ki, həyat yoldaşlarının gördüyü zəhməti anlamaq və dəyərləndirmək ailə münasibətlərinin sağlam qalmasında mühüm rol oynayır.
Aparıcı həmçinin bildirib ki, ailələrdə qarşılıqlı qayğı və hörmətin qorunması vacibdir. Onun sözlərinə görə, insanlar başqalarının həyatına baxmaq əvəzinə öz ailələrindəki münasibətləri möhkəmləndirməyə çalışmalıdırlar:
"Başqalarının ərlərini öz əri ilə müqayisə edən nə qədər qadın var. Onun əri belə etdi, sən edə bilmədin. O qadınlar qudurğandırlar, quşbeyin qadınlardır. Hər gün gəzmək olar? Sən camaatın ərini müqayisə edənə kimi bax ki, filankəsin arvadı da necə əri ilə bərabər işləyir, əziyyət çəkir. Axşam evə yorğun gəlirlər, amma necə mehribandırlar. Elə ailələrdə mütləq xəyanət çoxalır. Kişi var gücü ilə evi, ailəsi üçün çalışır. Heç kimi möhtac qoymaq istəmir. Ancaq qadın qane olmur. Ona görə kənarda o kişiyə xırda diqqət göstərən xanım olanda ondan yapışır. Sevgini, qayğını o qadında tapır. O qadın kişini olduğu kimi qəbul edir. Ailədə bəzi qadınlar bilmir ki, uşağının xərcləri hardan gəlir, ər hansı əziyyətlə qazanır. Evin dolanışığından xəbəri yox".
Şəbnəm Naiblinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər mövzu ilə bağlı fərqli mövqelər səsləndiriblər./milli.az/