Medianews.az
Azərbaycan Avropa, Türkiyə, Gürcüstan və Suriyaya neçə milyard kubmetr qaz ixrac edib?
93 baxış

Azərbaycan Avropa, Türkiyə, Gürcüstan və Suriyaya neçə milyard kubmetr qaz ixrac edib?

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasında genişlənən enerji əməkdaşlığına toxunaraq ölkəmizin qitənin 12 dövlətinə qaz ixrac etdiyini bildirib.

Avropanın enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verən Azərbaycanın təbii qaz hasilatının yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib.

2024-cü ildə bu göstərici 50.3 milyard kubmetr idi.

Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Qaz ixracına gəldikdə isə, xarici ümumi satış 25,2 milyard kubmetr olub. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

Son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycanın artan qaz hasilatı ixracatın da həcminə təsirsiz ötüşmür. Təbii qazın həcminə görə Azərbaycan Avropa İttifaqında idxalçı dövlətlər arasında ilk beşlikdə qərarlaşıb. Planlaşdırılan və ya gözlənilən artımlar isə Azərbaycan qaz ixracatının kəskin artmasına səbəb olacaq. Bu daha çox ölkəyə, daha çox qaz tədarükü deməkdir.

Digər tərəfdən, yaşıl enerji hasilatının artması daxili istehlakda təbii qaz qənaətinə və daha çox ixracata imkan verəcək. Bu isə dövlət gəlirlərinin artırılması baxımdan vacibdir. Qaz ixracatı strateji olmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmini artıracaq.

Bu baxımdan, Azərbaycan yaxın illərdə təbii qaz ixracatını kəskin artıra biləcək. Bu isə Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha prioritetləşdirir. Təbii qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir.

Vüqar Bayramov,
iqtisadçı deputat

Bizə qoşulun