Medianews.az
Azərbaycan su qıtlığı ilə üz-üzə:
215 baxış

Azərbaycan su qıtlığı ilə üz-üzə: Fermerlər və əhali nə etməlidir?

Azərbaycanda su ehtiyatlarının azalması məsələsi son dövrlərdə daha çox müzakirə olunur. Son aylarda bəzi çaylarda su səviyyəsinin aşağı düşməsi və müəyyən ərazilərdə su çatışmazlığının hiss olunması diqqət çəkir. Bu vəziyyət həm kənd təsərrüfatına, həm də insanların gündəlik həyatına təsir göstərir. Belə şəraitdə su ehtiyatlarının səmərəli və düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Bəs mümkün su qıtlığının qarşısını almaq üçün hansı addımlar atılmalı və hansı tədbirlər həyata keçirilməlidir?

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, son illər Azərbaycanın su ehtiyatlarında ciddi azalma müşahidə olunur. Rəsmi məlumatlara görə, transsərhəd sularının ölkəyə daxil olmasında təxminən 40 faizə yaxın azalma var.

Onun sözlərinə görə, su çatışmazlığının əsas səbəbi qlobal ilqim dəyişikliyinin yaratdığı fəsadlar olsa da, insan amilini də yaddan çıxarmaq olmaz. Yağıntıların azalması qlobal istiləşmənin nəticəsidir:

“Atmosferdə istixana effekti yaradan qazların artması iqlimə ciddi şəkildə təsir edir. Buzlaqlar əriyir, quraqlıq meşələrin azalmasına səbəb olur, torpaq şoranlaşır. Fəsillər yerini dəyişir, su mənbələri azalır. Məsələn, son zamanlar hamı Xəzər dənizinin geri çəkilməsindən, dənizdə suyun səviyyəsinin azalmasından danışır. Səbəb olaraq göstərilir ki, gölü qidalandıran Volqa çayında suyun azalmasıdır. Bəziləri bunu Rusiyanın Xəzəryanı dövlətlər düşmənçiliyi ilə izah edirlər. Amma bu cür fikirlər gülünc görünür. Rusiya istəsə də Xəzərin qurumasına ciddi şəkildə təsir edə bilməz. Problemin kökü bundandır ki, Volqa hövzəsinə düşən yağıntının miqdarı azalıb. Bu da qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlarla bağlıdır”.

E.Cəfərli qeyd edib ki, Azərbaycan su çatışmazlıığından əziyyət çəkən ölkədir.

“Su qıtlığını adi məişətdə də hiss edirik. 15 il əvvəl Bakının Xətai rayonunun Əhmədli, Köhnə Günəşli qəsəbələrinə fasiləsiz su verilirdi. Lakin son bir neçə ildə su fasilələrlə verilir. Bəzən, xüsusən yay fəslində 2-3 gün su olmur. Ekspertlərin hesablamalarına görə, Azərbaycan su stressi yaşayacaq ölkələr sırasına daxil olacaq. Bizim əsas içməli su ehtiyatımız transərhəd çayları hesabına formalaşır. Son illər normadan artıq sugötürmələr üzündən Kür, Araz, Samur çaylarında da suyun səviyyəsi aşağı düşüb. İndi nə edək, əlimizi yanımıza salıb gözləyək, ya əhalini taleyin ümidə buraxaq? Təbii ki, xeyr. Su qıtlığından qaçmaq üçün görüləsi işlər var. Əvvəla, ciddi şəkildə qənaət sisteminə keçməliyik. Artıq o dövrə çatmışıq ki, hər damlanın qədrini bilməliyik. Əhalinin ekoloji təmiz içməli su ilə təmin etmək üçün su idarəetməsində yeniliklər edilməlidir. Suyun daşınmasında və suvarmada ənənəvi metodlardan imtina olunmalıdır. Çox qısa müddətdə fermerlə damlama sulama sistemi ilə təmin olunmalı, selləmə suvarmadan imtina etməliyik”.

Ekspert vurğulayıb ki, Sovet dönəmində çəkilmiş su kanallarının əksəriyyəti torpaq səthlidir:

“Bu cür ötürmə sistemi ilə suyun daşınması zamanı 40 faizdən çox su itkiyə gedir. Suyun bu cür itkisinin qarşısını almaq üçün beton səthli kanallar çəkilməli ya da su plastik borularla ötürülməlidir. İnkişaf etmiş ölkələrdə tullantı sularının təkrar emalı həyata keçirilir, yağış suları depolanır. Təkrar emaldan gələn su və yağış suyu avtoyumada, yaşıllaşdırmada istifadə edilir. Biz niyə bu qabaqcıl təcrübəni tətbiq etməyək?

Bundan başqa fermerlər arasında az su tələb edən bitkilərin əkini təşviq olunmalıdır. Əhali arasında təşviqat işi aparılmalı, suya qənaət vərdişləri formalaşdırılmalıdır”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun