Medianews.az
Azərbaycanda dövlət qurumları birləşdirilir? -
80 baxış

Azərbaycanda dövlət qurumları birləşdirilir? - MÜHÜM AÇIQLAMA

"Natiq Cəfərlinin Dövlət Gömrük Komitəsi ilə bağlı tənqidi ilə razı deyiləm, hətta primitiv hesab edirəm".

Medianews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

"Son illərdə gömrük orqanlarında həyata keçirilən anti-korrupsiya tədbirləri, təəssüf ki, bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim edilir. Halbuki, Baş Prokurorluğun məlumatları aydın göstərir ki, aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ilə bağlı son cinayət işi daxil olmaqla, əksər hüquq-mühafizə əməliyyatları məhz Dövlət Gömrük Komitəsinin öz təşəbbüsü ilə başlanıb. Bu, Komitədə korrupsiyaya qarşı güclü iradənin və qətiyyətli mübarizənin sübutudur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bu islahatlar, ölkəmizin iqtisadiyyatını daha da möhkəmləndirir.

İqtisadi göstəricilər bunu təsdiqləyir: 2022-ci ildə gömrük daxilolmalarını 2023-cü və 2024-cü illərlə müqayisə etmək kifayətdir. 2025-ci ildə ilk 11 ayın proqnozu 3,4 faiz azalsa da, buna dəqiq qiyməti 2026-cı ildə verəcəyik. Üstəlik, bu nailiyyətlər heç bir tarif dəyişikliyi olmadan, artan azadolmalar çərçivəsində əldə olunub" - deputat əlavə edib. 

Kamal Cəfərov vurğulayıb ki, gömrük sisteminin narkotik vasitələrə qarşı son illərdəki qətiyyətli mübarizəsi də onların dövlətçiliyə xidmətinin nümunələrindəndir:

"İkincisi, artıq 2 ildən çoxdur ki, xüsusilə 2024-cü ildə prezident seçkilərindən sonra bir tezis ortalığa atıldı ki, bir sıra qurumlar birləşir və ya ayrılır. Çox təəssüf ki, bəzi hallarda bu söhbətlər primitiv qiybət formasında çatdırılır. Danışanlar da elə danışır ki, elə bil ki, fərman layihəsini hazırlayıblar. Və ya hazırlayan şəxs bu barədə ona nəsə danışıb. Yəqin ki, bu gün və ya sabah elan olunacaq. Bu cür söhbətləri edən şəxsləri də ciddi qəbul etmək çətindir, çünki görünür, ya özünü məlumat sahibi, yüksək vəzifəli şəxslərin yaxın adamı, ya da kiməsə “maraqlı” gəlmək üçün edir.

Deputat kimi şəxsi fikrim budur ki, gömrük orqanlarında qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün hər hansı birləşmə və ya institusional islahat zəruridirsə, bu, dərin təhlillərə və ciddi əsaslara əsaslanmalıdır.

İstənilən halda bu məsələ cənab Prezident İlham Əliyevin preruqatividir. Onun yanaşması isə aydındır. 2024-cü ildə andiçmə mərasimində cənab Prezident bir sıra konseptual məsələlərdən toxundu. Həmin çıxışda onun məsələlərə yanaşması ilə bağlı bir cümləsi həmişə xatirimdədir.

O dedi ki: “Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var.”

Yəni hər hansı islahatı sadəcə formal və ya səthi səbəblərlə deyil, real və dərin əsaslarla etmək lazımdır, yəni hər işin məntiqli və vacib səbəbləri olmalıdır.

Ona görə də əgər Gömrük Komitəsi nə vaxtsa birləşəcəksə, onun vacib səbəbləri olacaq, yox əgər bu gün Dövlət Gömrük Komitəsi müstəqil fəaliyyət göstərirsə, onun da çox məntiqli səbəbi var".

"Eyni zamanda hər kəsin də, xüsusilə siyasətlə məşğul olan şəxslərin, Natiq Cəfərlinin də öz şəxsi mülahizələrini ifadə etmək azadlığı var. Ancaq onun fikirləri məndə ciddi təəssürat yaratmadı, çünki fikirlərində dərin iqtisadi əsas yox idi.

Aydın məsələdir ki, islahat həmişə lazımdır, müşahidəm onu göstərir ki, bəzi dövlət qurumlarında qeyri-effektivliyin səbəbi nə institusional, nə də idarəçilik bacarığı ilə bağlıdır.

Hesab edirəm ki, bəzi hallarda bu, vəzifəli şəxslərdə “mental durğunluq” halı və ya problemlərin həllinə proaktiv yanaşmanın göstərilməməsi ilə bağlıdır.

Bəzi vəzifəli şəxslər hər gün işə gələndə anlamalıdır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə işləmək, onun siyasətininin icrasında iştirak etmək ən böyük xidmət, motivasiya və mükafatdır.

Hər kəs bilir ki, onun tapşırıqlarını yerinə yetirmək yüksək məsuliyyət, peşəkarlıq, yüksək mənəvi əxlaq və şəffaflıq tələb edir" - deputat əlavə edib. 

Bizə qoşulun