Medianews.az
Azərbaycanda sığorta olunan
57 baxış

Azərbaycanda sığorta olunan heyvanların sayı artıb

2025-ci ildə Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfədən çox artıb.

Musavat.com Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, ötən il ölkə üzrə 6935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə 3276 heyvan sığortalanmışdı.

Qeyd edək ki, dövlət dəstəkli aqrar sığorta mexanizmində sığorta haqqının 50 faizini fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə fermerlər yarı ödəniş etməklə heyvanları sığorta etdirə bilirlər. Belə ki, mövcud tariflərə əsasən, 1000 manatlıq iribuynuzlu mal-qaranın (inək, camış) sığortalanması fermerə 24–39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanların (qoyun, keçi) sığortalanması isə 7–10 manata başa gəlir.

2025-ci ildə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Bunun müqabilində heyvandarlıq təsərrüfatlarına verilən sığorta təminatı 46 milyon manatı keçib. Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.

Xatırladaq ki, Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəliklərdən, yemdən və otdan zəhərlənmədən, yanğından, ilan və həşərat sancmasından, vəhşi heyvanların hücumundan, təbii fəlakətlərdən, üçüncü şəxslərin hərəkətlərindən və sair hallardan sığorta edir. Bu hadisələr nəticəsində tələf olan heyvanlara görə sığorta ödənişləri həyata keçirilir.

2025-ci ildə müxtəlif hadisələr nəticəsində zərər görmüş fermer və təsərrüfatlara heyvandarlıq sığortası üzrə 394 min manat sığorta ödənişi həyata keçirilib.Ötən il ən çox sığorta ödənişləri yoluxucu xəstəliklər, yemdən zəhərlənmə və vəhşi heyvanların hücumları üzrə edilib.

Bizə qoşulun