Azərbaycanda mühəndislik və texnologiya sahəsində yeni ali təhsil müəssisəsinin yaradılması gündəmdədir. Hazırda bu sahədə ixtisaslaşmış Bakı Mühəndislik Universitetinin (BMU) fəaliyyət göstərməsinə rəğmən, yeni bir təhsil ocağına niyə ehtiyac duyulur?
Medianews.az bildirir ki, bu sual ətrafında Oxu24.com-un suallarını Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov cavablandırıb. O, ölkənin texnoloji transformasiyası və yeni təhsil modelləri ilə bağlı mühüm məqamlara toxunub.

İlqar Orucov bildirib ki, yeni universitetin yaradılması ilk növbədə ölkənin strateji hədəflərindən irəli gəlir. Onun sözlərinə görə, Azərbaycan artıq neft sektorundan asılılığın minimuma endirilməsini və inkişafın elm, təhsil və texnologiya üzərində qurulmasını əsas prioritet seçib:
“Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi model müasir texnologiyalara əsaslanır. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bizdə də yeni inkişaf modelinin təməlini elm və texnologiya təşkil edir. Bu mənada, yeni mühəndislik və texnologiya kadrları hazırlayan universitetlərə ciddi ehtiyac var”.
“Tək BMU bu tələbatı qarşılamaq imkanında deyil"
Mütəxəssis qeyd edib ki, ayrı-ayrı universitetlərdə mühəndislik ixtisasları olsa da, sırf bu sahə üzrə ixtisaslaşmış alternativ təhsil ocaqlarının olması qaçılmazdır:
"Hesab edirəm ki, ölkənin bu geniş ehtiyaclarını yalnız Bakı Mühəndislik Universiteti qarşılamaq imkanında deyil. Dünya sürətlə dəyişir və biz artıq texnologiyasız heç bir sahəni təsəvvür edə bilmirik. Gələcəkdə həyatımız tamamilə texnologiya üzərində qurulacaq. Mən illər öncə də demişdim: bu gün dünyada ən prestijli ixtisaslar məhz mühəndislik ixtisaslarıdır. Artıq zaman gəlib ki, dövlətimiz də bu sahəyə böyük önəm verir”.
İlqar Orucov yeni yaradılacaq təhsil müəssisələrində tətbiq edilməli olan müasir modellərdən danışarkən universitet-sənaye əməkdaşlığının vacibliyini vurğulayıb. O, bu məsələdə Almaniya təcrübəsini nümunə çəkib:
"Almaniyada uzun illərdir ki, “dual təhsil”sistemi uğurla tətbiq olunur. Bu sistemə görə, tələbə həftənin üç gününü universitetdə nəzəriyyə ilə, iki gününü isə birbaşa sənaye müəssisəsində praktika ilə keçirir. Azərbaycanda da bu modelə keçid başlamalıdır”.

O, həmçinin bu yaxınlarda Azərbaycan Texniki Universiteti, Azkon Holdinq və Münhen Texniki Universiteti arasında tətbiqinə başlanılan “Asset-Transa" modelini xüsusi qeyd edib.
“Sənaye nəhəngləri kurikulum hazırlığında iştirak etməlidir”
Müsahibimizin fikrincə, müasir universitetlərdə dərsliklər və proqramlar yalnız akademik çərçivədə deyil, real biznesin tələblərinə uyğun hazırlanmalıdır:
"İri sənaye tərəfdaşları kurikulumların hazırlanmasında və tələbələrin qiymətləndirilməsində birbaşa iştirak etməlidirlər. Tələbə məzun olduğu gün nəzəriyyə ilə yanaşı, real sənaye mühitində layihələr icra etmiş, əmək bazarına tam hazır kadr kimi formalaşmalıdır”.
Yeni yaradılacaq institutlar və proqramlar ənənəvi mühəndislikdən fərqli olaraq, daha spesifik və ultra-müasir sahələri əhatə etməlidir. İ.Orucov bildirib ki, bu mərkəzlər regional mükəmməllik mərkəzi kimi fəaliyyət göstərəcək:
-Kibertəhlükəsizlik;
-Süni intellekt (AI);
-Böyük verilənlər analitikası (Big Data);
-Data elmləri.
Eyni zamanda, təhsilin tamamilə ingilis dilində olması və beynəlxalq sertifikasiyaların tətbiqi məzunların qlobal miqyasda rəqabət qabiliyyətini təmin edəcək əsas amillər kimi göstərilib.
Ölkədə rəqəmsallaşma strategiyasının geniş vüsət aldığını deyən mütəxəssis, kadr çatışmazlığına da diqqət çəkib:
"Azərbaycandakı “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri minlərlə yeni mühəndis tələb edir. Mövcud fakültələr bu kəskin artan tələbatı təkbaşına qarşılaya bilməz. Yeni universitetin yaradılması həm də rəqabət mühiti formalaşdıracaq ki, bu da təhsilin keyfiyyətinin artmasına birbaşa təsir göstərəcək”.
Sonda İlqar Orucov bu tip universitetlərin yalnız paytaxtda deyil, regionlarda da açılmasının vacibliyini qeyd edib:
"Düşünürəm ki, gələcəkdə Azərbaycanın bir neçə regionunda — Şimal, Cənub, Mərkəzi Aran və Qərb bölgələrində bu tipli universitetlər açılacaq. Bu, həm də universitetlərin maliyyə müstəqilliyi məsələsinə töhfə verəcək. Onlar təkcə dövlət büdcəsi və tələbə ödənişi ilə deyil, dünyanın aparıcı universitetləri kimi öz büdcələrini formalaşdıraraq ölkə inkişafına töhfə verməlidirlər”,-deyə təhsil eksperti fikrini tamamlayıb.