Medianews.az
Azərbaycan-Qazaxıstan müttəfiqliyi
87 baxış

Azərbaycan-Qazaxıstan müttəfiqliyi – 5 ildə 8-ci səfər

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Bu, son 5 ildə Prezident İlham Əliyevin Qazaxıstana 8-ci səfəridir. Prezident Qasım-Jomərd Tokayev isə Azərbaycana 6 dəfə səfər edib.

Medianews.az bildiir ki, Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, son illərdə Bakı ilə Astana arasında formalaşan münasibətlər türk dünyasının geosiyasi inteqrasiyasının əsas sütunlarından birinə çevrilməkdədir:

“Son 5 ildə Prezident İlham Əliyevin Qazaxıstana 8 dəfə, Qazaxıstan Prezidenti Qasım-Jomərd Tokayevin isə Azərbaycana 6 dəfə səfər etməsi iki ölkə arasında dialoqun intensivliyini və qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir. Dövlət başçılarının bu qədər sıx təmasları təsadüfi diplomatik aktivlik deyil, uzunmüddətli strateji xəttin göstəricisidir.

Bu gün Azərbaycan və Qazaxıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq formatı deyil, bütövlükdə türk dünyasının inteqrasiya modelinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Hər iki dövlət həm coğrafi mövqeyi, həm enerji resursları, həm də nəqliyyat imkanları baxımından Avrasiyanın strateji mərkəzlərində yerləşir.

Dörd il əvvəl Azərbaycanla Qazaxıstan arasında imzalanmış Birgə Bəyannamə əlaqələri rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-logistika sahəsində dərin inteqrasiyanı nəzərdə tutur. Bu sənəd faktiki olaraq Bakı və Astananın regional və beynəlxalq məsələlərdə koordinasiyalı fəaliyyətini nəzərdə tutur. Müttəfiqlik münasibətləri artıq yalnız siyasi dəstək deyil, həm də iqtisadi təhlükəsizlik, nəqliyyat marşrutları, enerji siyasəti və regional kommunikasiya layihələrində ortaq strateji baxış deməkdir”.

Deputatın fikrincə, burada əsas məqamlardan biri Xəzər üzərindən formalaşan yeni geoiqtisadi xəttdir:

“Azərbaycan və Qazaxıstan Orta Dəhlizin əsas aparıcı dövlətləri hesab olunur. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xətti üzərində qurulan bu marşrut hazırda qlobal logistikanın ən perspektivli istiqamətlərindən biri sayılır. Son illərdə dünya siyasətində baş verən dəyişikliklər, xüsusilə Rusiya-Qərb qarşıdurması və ənənəvi nəqliyyat marşrutlarında yaranan risklər Orta Dəhlizin əhəmiyyətini ciddi şəkildə artırıb. Bu şəraitdə Azərbaycan və Qazaxıstanın əməkdaşlığı strateji xarakter qazanır”.

A.Hüseynov deyib ki, Qazaxıstan Mərkəzi Asiyanın əsas iqtisadi güclərindən biri, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və enerji mərkəzidir:

“Bakı limanı, Ələt Azad İqtisadi Zonası, Bakı-Tiflis-Qars dəmir yolu və Xəzər üzərindən yükdaşımaların artması bu əməkdaşlığın praktiki nəticələridir.

Bu baxımdan, Prezident İlham Əliyev və Prezident Tokayev arasında formalaşan siyasi etimad iki ölkənin regional layihələrdə daha koordinasiyalı hərəkət etməsinə imkan yaradır. Artıq Bakı ilə Astana arasında münasibətlər yalnız diplomatik tərəfdaşlıq deyil, Avrasiyada yeni iqtisadi xəritənin formalaşdırılması prosesinin mühüm elementi kimi qiymətləndirilir. Bu mənada Türküstan Zirvə görüşü yalnız növbəti diplomatik tədbir deyil. Bu görüş türk dövlətlərinin artıq daha koordinasiyalı, daha iddialı və daha strateji mərhələyə keçdiyini nümayiş etdirən siyasi platforma kimi qiymətləndirilə bilər”.

Deputat xatırladıb ki, işğaldan azad olunduqdan sonra Şuşa şəhərinin qardaşlaşdığı ilk şəhərin məhz Türküstan olması xüsusi siyasi və mənəvi məna daşıyırdı:

“Bu addım təsadüfi seçilməmişdi. Türküstan türk dünyasının mənəvi paytaxtlarından biri hesab olunur. Şuşa isə Azərbaycanın mədəniyyət paytaxtıdır. Bu iki şəhərin qardaşlaşması faktiki olaraq türk dünyasının ortaq tarixi yaddaşının və mədəni birliyinin rəmzinə çevrildi. Bu addım həm də postmüharibə dövründə Azərbaycanın türk dünyası ilə münasibətlərə verdiyi xüsusi önəmin göstəricisi idi. Şuşa-Türküstan əlaqəsi yalnız mədəni layihə deyil, türk dövlətləri arasında mənəvi-siyasi inteqrasiyanın simvolik modelidir”.

Bizə qoşulun