Ürək-damar xəstəlikləri dünyada ən çox rast gəlinən problemlərdən biri olaraq qalır. Son illərdə infarkt və insult hallarının daha gənc yaşlarda müşahidə olunması da narahatlıq yaradır.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, kardioloq düzgün qidalanma vasitəsilə xolesterin səviyyəsini azaltmağın mümkün olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, qanda “pis” xolesterinin aşağı olması ciddi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır. Bunun üçün isə gündəlik rasionda təbii və balanslı məhsullara üstünlük verilməlidir. Yeməklər mümkün qədər az duz, yağ və hazır souslarla hazırlanmalıdır.
Kardioloq xüsusilə dənli bitkiləri – qarabaşaq, düyü və darını tövsiyə edir. Eyni zamanda təzə tərəvəz və meyvələr, eləcə də yağlı dəniz balıqları – skumbriya, siyənək və qızılbalıq ürək üçün faydalıdır. Bu məhsullar orqanizmdə lipid balansını tənzimləməyə kömək edir.
Rasiona əlavə olaraq təmizlənməmiş bitki yağları (kətan, qarğıdalı, balqabaq və zeytun yağı), müxtəlif növ çərəzlər, bal, göbələklər və sitrus meyvələri də daxil edilməlidir. Bu qidalar xolesterinin azalmasına və damarların qorunmasına dəstək verir.
Mütəxəssis onu da vurğulayır ki, yalnız düzgün qidalanma kifayət deyil. Müntəzəm fiziki aktivlik – məsələn, yüngül idman hərəkətləri və ya üzgüçülük də xolesterin səviyyəsinin normallaşmasına mühüm təsir göstərir.