Medianews.az
Büdcə böhranı dərinləşir:
144 baxış

Büdcə böhranı dərinləşir: Ordu əlavə maliyyə tələb etdi

İsrail ordusunun müdafiə büdcəsinin artırılması tələbi hökumətdə ciddi fikir ayrılığı yaradıb. İddialara görə, uzanan hərbi əməliyyatlar və artan xərclər ordunu əlavə maliyyə vəsaiti istəməyə məcbur edib.

Medianews.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Məlumata əsasən, büdcə çatışmazlığı ilə üzləşən İsrail ordusu hökumətdən təcili əlavə maliyyə ayrılmasını tələb edib.

Ordu hazırda 38,9 milyard dollar olan müdafiə büdcəsinin 49,5 milyard dollara çatdırılmasını istəyir. Müdafiə Nazirliyi bu artımın zəruri olduğunu bildirsə də, Maliyyə Nazirliyi tələbi "həddindən artıq və əsassız" hesab edərək buna qarşı çıxıb.

Qəzetin yazdığına görə, İsrail ordusu mövcud maliyyə imkanları ilə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdiyini, bu səbəbdən ehtiyatda olan hərbçilərin bir hissəsinin xidmətdən kənarlaşdırıldığını və yüksək xərc tələb edən bəzi hərbi əməliyyatlardan imtina edildiyini etiraf edib.

Maliyyə Nazirliyi isə xəbərdarlıq edib ki, müdafiə xərclərinin bu həcmdə artırılması mülki sahələrə ayrılan vəsaitin azalmasına və ölkənin beynəlxalq kredit reytinqinə mənfi təsir göstərə bilər.

Maliyyə yükünü azaltmaq üçün orduda qənaət tədbirləri görülsə də, nəticə verməyib. İsrail ordusu daha əvvəl ehtiyatda olan hərbçilərin sayını 60 mindən 40 minə endirməyi hədəfləsə də, 120 min ehtiyat hərbçinin eyni vaxtda xidmət etdiyi intensiv döyüş əməliyyatlarından sonra bu rəqəmi yalnız 64 minə qədər azalda bilib.

Qeyd olunur ki, 2026-cı il üçün müdafiə büdcəsi əvvəlcə 30,3 milyard dollar müəyyənləşdirilsə də, artan hərbi xərclər səbəbindən mart ayında 38,9 milyard dollara yüksəldilib.

İsrailin təhlükəsizlik rəsmiləri Qəzza və Livanda hərbi mövcudluğun davam etdirilməsi üçün büdcənin artırılmasının zəruri olduğunu bildirirlər. Müdafiə və Maliyyə nazirlikləri arasında yaranmış fikir ayrılığı ilə bağlı yekun qərarı Baş nazir Binyamin Netanyahu verəcək. Qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Medianews.az

Bizə qoşulun