Medianews.az
Müəllimin bu hərəkəti tənqid olundu -
163 baxış

Müəllimin bu hərəkəti tənqid olundu - VİDEO

Kanadada keçirilən məzun mərasimində müəllimin fələstinli tələbənin boynundakı kufiyəni (Fələstinin azadlıq mübarizəsini simvolizə edən ağ-qara damalı baş örtüyü) çıxarması sosial şəbəkələrdə geniş narazılığa səbəb olub.

Medianews.az xəbər verir ki, məzun mərasimində fələstinli tələbə diplomunu almaq üçün səhnəyə üzərində akademik mantiya və boynunda kufiyə ilə çıxıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə səhnədə olan müəllimin tələbənin boynundakı kufiyəni qəfil dartaraq çıxardığı əks olunub. Tələbə təəccüblənsə də, mərasim davam edib.

Hadisənin görüntüləri yayıldıqdan sonra çoxsaylı sosial media istifadəçiləri müəllimin davranışını tənqid ediblər. Onlar bildiriblər ki, kufiyə bir çox fələstinli üçün mədəni kimliyin və həmrəyliyin rəmzidir. Ona bu formada müdaxilə etmək qəbuledilməzdir.

Qeyd edək ki, İsrail–Qəzza müharibəsindən sonra dünyanın bir çox universitetində kufiyədən istifadə və Fələstinə dəstək aksiyaları ilə bağlı oxşar mübahisələr yaşanır. Bəzi təhsil müəssisələri kufiyəni siyasi simvol kimi qiymətləndirsə də, tələbələr və insan hüquqları müdafiəçiləri onun eyni zamanda mədəni kimliyin ifadəsi olduğunu bildirirlər.

Hadisə ilə bağlı təhsil müəssisəsi hələlik rəsmi açıqlama verməyib.

Medianews.az

Bizə qoşulun