“Atamın mahnılarına nəinki Azərbaycanda, Türkiyədə də müəlliflik hüququ almışıq. Buna səbəb isə o idi ki, biz görürdük mahnılar nəinki icazəsiz oxunur, hətta əndazədən çıxır. Hər kəs mahnını başa düşdüyü kimi oxuyurdu. Mahnı da orininallığını itirirdi. Atamın özünün yazdığı əsərlərdən Mətanət İsgəndərlinin “Taleyim mənim”, digəri isə Aygün Kazımovanın “Bakının qızları” mahnılarıdır ki, bu aranjimanlar müvəfəqqiyət qazandı. Digər mahnılarını yeni müğənnilər öz bildikləri kimi oxumağa başladılar. Ona görə də çalışdıq ki, mahnıları Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçirək. Məsələ ondan ibarət deyil ki, mahnılar oxunmasın. Məsələ budur ki, müğənni düşünür ki, onun oxuduqlarndan bu daha yaxşıdır. “Yaşayır insan” mahnısını Rəşid Behbudovdan sonra çox insan oxudu. Amma faktiki atam mahnını Rəşid Behbudov üçün yazmışdı və necə oxumuşdusa düzgün variantı da o idi. Elə müğənnilər var ki, mahnını daha da gözəlləşdirirlər. Bu çox nadir hallarda olur”
Bunu Medianews.az-a açıqlamasında xalq artisti, bəstəkar, Azərbaycanda ilk rok operettanın müəllifi Oqtay Kazıminin oğlu Elçin Kazımi deyib.

O daha sonra atasının heç vaxt sifarişlə mahnı yazmadığını bildirib:
“O vaxt klassik bəstəkarlarımız mahnı satmayıblar. Mən buna şahid olmuşam ki, dünyasını dəyişən müğənnilərin övladları bir neçə ildən sonra üzə çıxıb deyir ki, “mən atamın mahnısının oxunmasına icazə vermirəm”. Axı bu mahnının müəllifi sənin atan deyil. Sən varis yaxud müəllif deyilsən. Sənə sadəcə zamanında bəstəkar mahnı verib, sən oxumusan. Özü də sənə pulla satmayıb. Yadıma gəlir ki, atam Oqtay Kazımi mahnılarını yazanda Yalçın Rzazadə üçün başqa orkestrovka edirdi, Flora xanım Kərimova üçün başqa. “Taleyim mənim” mahnısını hər iki müğənni ayrı-ayrı orkestrovkalarda ifa ediblər. Və yaxud da Oqtay Ağayev üçün yazdığı “Qaytar eşqimi” mahnısı.. Bu mahnını da Flora xanımla Oqtay müəllim başqa orkestrovkalarda ifa ediblər. Atam heç kimin sifarişi ilə mahnı yazmayıb. Heç bir müğənni deyə bilməz ki, bu mənim mahnımdır. Atam heç kimin yox, özünün istədiyi kimi mahnıları yazıb. Mahnı xalqın zövqünə uyğundursa oxunmalıdır” deyə o bildirib.

Bəstəkarın oğlu atasının və digər klassik bəstəkarların özlərini reklam etmədiklərini bildirib:
“Əsl sənətkarın dediyi sözlər onun mahnılarında olur. Atamdan müsahibə almaq da çətin idi. Çox vaxt müsahibə vermirdi. Deyirdi ki, “mən nə demək istəmişəmsə bu mənim mahnılarımdadır”. Onu bildirirdi.. Siz fikir versəniz, bəstəkarlar var ki, çalışırlar mahnıları ilə yox, şəxsiyyətləri, danışıqları ilə yadda qalsınlar. Çünki sənəti göstərmək çətindir. Həm sənət, həm də buna uyğun təhsil olmalıdır. Emin Sabitoğlu, Cahangir Cahangirov və başqa bəstəkalarımız özlərini reklam etdirməyiblər, sırf mahnıları ilə gündəmə gəliblər. Ona görə də atam da başda olmaqla bu insanların bu gün mahnıları daha çox tanınır, nəinki özləri... Onların məqsədləri də bu olub ki, xalq mahnılarını tanısınlar. Onları biznes maraqlandırmayıb. Bu mahnıları bizim nəsil üçün yazıb qoyub, gediblər və bu gün sevilir”.
Əli Əsgər
Medianews.az