ABŞ prezidenti Donald Tramp İrana növbəti xəbərdarlığını edib.
Medianews.az-ın məlumatına görə, Tramp deyib ki, əgər İran Vaşinqtonun tələblərinə əməl etməsə, “bu gecə bütöv bir sivilizasiya məhv ola bilər”.
ABŞ prezidenti eyni zamanda bildirib ki, Tehranın geri çəkilməsi üçün hələ də vaxt var və son tarix Vaşinqton vaxtiyla bu gün axşam saat 20:00-dır (Bakı vaxtıyla aprelin 8-i saat 04:00).
Son günlər Tramp İranı Hörmüz boğazını açmağa və nüvə proqramı ilə bağlı şərtləri qəbul etməyə çağırır. Əks halda, o, ölkənin enerji və nəqliyyat infrastrukturuna genişmiqyaslı zərbələr endiriləcəyini deyir.
ABŞ lideri daha əvvəl də bəyan etmişdi ki, İran “bir gecədə tamamilə məhv ola bilər” və Vaşinqtonun bu istiqamətdə hərbi planı hazırdır.
Bununla yanaşı, Tramp diplomatik kanalların hələ bağlanmadığını vurğulayaraq deyib ki, Tehran ultimatum müddəti bitməmiş geri addım atarsa, genişmiqyaslı hücumun qarşısını almaq mümkündür.
İran isə ABŞ-nin şərtlərini qəbul etməyərək, münaqişənin yalnız tam və zəmanətli şəkildə dayandırılması variantını irəli sürür.
Hazırda bölgədə gərginlik pik həddə çatıb və ekspertlər xəbərdarlıq edirlər ki, ultimatumun icra olunması Yaxın Şərqdə daha genişmiqyaslı müharibəyə səbəb ola bilər.