Medianews.az
Hər gün mediada rastımıza çıxır... Amma Azərbaycan dilində belə söz varmı? -
82 baxış

Hər gün mediada rastımıza çıxır... Amma Azərbaycan dilində belə söz varmı? - AÇIQLAMA

“...Həyatını itirdi”, “...həyatını itirib” - ölüm-itim, qəza xəbərlərinin aşıb-daşdığı Azərbaycanın kütləvi informasiya vasitələrində, ən çox da saytlarda bu ifadəyə çox rast gəlinir.

Onlayn tərcümə platformaları, “ChatGPT” kimi süni intellekt proqramları da xarici dildən mətnləri çevirəndə bu ifadədən gen-bol yararlanır.

Azərbaycan dilində “həyatı itirmək”, “həyatını itirmək” ifadəsi varmı?

Medianews.az bu sualla jurnalist Hikmət Sabiroğluya müraciət edib.

Hikmət Sabiroğlu bildirib ki, Azərbaycan mediasında ölüm xəbərinin ən az işlənən variantı “öldü”, “ölüb” variantıdır: “Məsələn, məşhur bir şəxsin ölüm xəbərini “öldü” başlığı ilə vermək qeyri-etik olar, “vəfat etdi” variantı daha uyğun görünür. Bir qədər poetik səslənən “dünyasını dəyişdi” variantı da mümkündür.

Danışıqda, təbii ki, kimsə “vəfat edib” və ya “dünyasını dəyişib” deməz, deyər “rəhmətə gedib”.

“Həyatını itirdi”, “həyatını itirib” bəlkə ədəbi, publisistik mətnlərdə yerinə düşər, amma xəbər başlığı, ifadəsi deyil.

Azərbaycan mediasında ən çox rast gəlinən yanlışlardan biri, tutalım, avtomobil qəzasında ölən şəxs barədə məlumatda “vəfat etdi” ifadəsindən istifadədir. Avtomobil qəzasında həlak olmaq var, vəfat etmək yox. Şəxs avtomobil qəzasında aldığı xəsarətlərdən bir müddət sonra, yəni qəzanın nəticəsi olaraq dünyasını dəyişərsə, başqa məsələ, onda “vəfat etdi” variantına yer var.

Bu əsnada bir yanlışı da deyim. Bəzən qəzada xəsarət alan şəxs barədə məlumatda “yaralandı” ifadəsindən istifadə olunur. “Yaralandı” ifadəsi döyüş məlumatı üçün uyğundur. Qəzada xəsarətin adı elə xəsarətdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun