Medianews.az
Yanıq oyunları
61 baxış

Yanıq oyunları

Azərbaycanda uşaq doğumu ildən-ilə aşağı düşür, yəqin bundan xəbəriniz vardır. Rəqəmləri sadalamağa ehtiyac yoxdur. Artıq hökumət çoxlu bölgə məktəblərini şagird azlığı üzündən bağlamaqdadır.

Əlbəttə, iqtisadi vəziyyət gələcək üçün hansısa ümid vermirsə, uşaq pulu yoxdursa, uşağa dövlət qayğısı sıfıra yaxındırsa, belə yerdən artım gözləmək mənasızdır.

Qida Təhlükəsizliyi Agentliyi (QTA) 360 orta məktəbimizdə bufetlərin vəziyyətini araşdırıb, onlardan 263-ü yararsız çıxıb. Təxminən üçdə ikisi. Sanitar vəziyyətin pisliyi, xarab soyuducular, vaxtı keçmiş ərzaqlar, uşağa verilməsi uyğun olmayan məhsullar və sairə - qüsurların qısa siyahısı budur.

Orda bəzi məktəb bufetlərindən fotolar vardı, sözlü şərh edilməsə Qəzza zolağında bomba altından çıxmış bina zənn edərdin. Ya da, nə bilim, hansısa Uqanda türməsindən fotoreportaj. Özü də monitorinq təkcə ucqar bölgələrdə aparılmayıb, Bakı və Abşeronu da əhatə edib.

Uşaqlara hörmətiniz budur? Yalandan boşboğazlıq edərək “Uşaqlar bizim gələcəyimizdir, onları canımızdan artıq sevirik” hap-gopundansa, QTA-nın GTA oyunundakı ölüm-dirim səhnələrinə bənzər bufet fotoreportajını izləməyiniz məsləhətdir. Bu da olsun “QTA Biləcəri”. “GTA San Andreas” kompüter oyununa alternativ kimi. Hansı uşaq o bufetlərdən salamat çıxsa onu qalib elan edək, universitetə imtahansız girsin.

Əslində QTA bufetlərin antisanitar olmağını yazmaqla bir növ canını qurtarır, halbuki problem daha dərindir. İlk növbədə, niyə dövlət məktəb bufetlərində uşaqlara pulsuz hansısa yemək verilməsini öz üzərinə götürmür? Buna imkan yoxdur? Var. Milyon dənə mənasız işlərə pul xərcləyirsiniz, beş manat da ayırın, uşaqlara süd, meyvə, şorba verin. Dünyada bunu edən çoxlu dövlət var. İsveç, Fransa, Yaponiya, Finlandiya, hətta Hindistan, İndoneziya, Rusiya kimi kasıb-kusub dövlətlər də uşaqlara məktəbdə hansısa pulsuz və ya güzəştli qidalanma təmin edir. Azərbaycan niyə eləməsin?

İstəsəniz burda babat korrupsiya imkanı da var: öz şirkətlərinizdən yemək sifariş verərsiniz. Təki uşaqlar hansısa naməlum mənşəli, Tükəzban xalanın maşın yağında qızartdığı kartoşkanın-zadın ümidinə qalmasın. Buyurun, məsuliyyəti öz üzərinizə götürün.

Bayaq kompüter oyunlarından bəhs etdim, əziz oxucular bunun boş-boşuna olmadığını, əlbəttə, anlamışdır. Bizdə hər sözün mənası çıxır, şübhəsiz. İndiki tema isə Türkiyədə məktəbdəki faciələrdən (uşaqların silahlı hücumları) sonra guya bu işlərə kompüter oyunlarının səbəb olmağıdır. O cümlədən, seriallardakı zorakı səhnələr və sairə. Bizim mediada da bu tipdə yazılar getdi.

Halbuki, kompüter oyunlarının cəmiyyətdə zorakılığı artırması sübut edilməyib. Burada bəzi insanlar sadəcə səbəb-nəticə əlaqəsini tərsinə başa düşürlər. Zorakılıq kompüterdən, ekrandan cəmiyyətə deyil, cəmiyyətdən ekrana sıçrayır. Məsələn, Türkiyədə hökumət çox absurd şəkildə seriallardan tapançalı səhnələri azaltmağa başlayıb, seriallar dondurulub və sairə, ancaq heç soruşan yoxdur (əslində soruşan olur, ancaq onları tutub basırlar), əfəndim, axı eks-polisin evində nə az, nə çox, düz 5 ədəd tapança və çoxlu patron nə gəzirdi? Ki, uşağı onu götürüb məktəbə basqın edirdi?

Bizdə “İdrak” liseyində uşaq müəllimi güllə ilə vurmuşdu, indi deyir müəllim uşağı bağışlayıb. Çox gözəl. Yəqin müəllim də mərhəmətli kompüter oyunlarına (məsələn, Tetris, Lines, Sandi Kraş) aludə imiş. Başqa necə ola bilər ki? Biz də ara yerdə əsas günahkarı – tüfəngi yiyəsiz qoyan atanı ümumiyyətlə yada salmayaq...

Bəs görəsən şagird yoldaşını spirt töküb yandıran uşaq hansı oyunların həvəskarıdır?

Zamin Hacı

Bizə qoşulun