İran hakimiyyəti idman komandalarının düşmən hesab edilən ölkələrə səyahət etməsini qadağan edib.
Medianews.az xəbər verir ki, İran İdman Nazirliyi bu qərarı iranlı idmançıların təhlükəsizliyi ilə bağlı narahatlıqla izah edib.
Lakin girişin qadağan olunduğu konkret ölkələrin adı açıqlanmayıb.
Nazirliyin mətbuat xidmətinin “Reuters” agentliyinə verdiyi açıqlamada deyilir: "Düşmən hesab edilən və İran idmançılarının və komanda üzvlərinin təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə milli və klub komandalarının iştirakı növbəti xəbərdarlığa qədər qadağandır".
Nazirlik həmçinin əlavə edib ki, klublar və İran Futbol Federasiyası oyun məkanlarının köçürülməsi barədə Asiya Futbol Konfederasiyasına məlumat verməlidir.
Xatırladaq ki, İran milli komandası 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokuna vəsiqə qazanıb. Qrup mərhələsində iranlıların Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşması planlaşdırılır və bütün oyunlar ABŞ-da keçiriləcək.
Daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac 2026-cı il Dünya Kubokunun qrup mərhələsi oyunlarının Meksikaya köçürülməsi ilə bağlı danışıqların aparıldığını açıqlamışdı./publika.az