Medianews.az
İşgüzarlığımızın əsas səbəbi
163 baxış

İşgüzarlığımızın əsas səbəbi

“Uşaq yıxıldığı yerə baxar”
(Azərbaycan ata sözü)


2006-cı ildə tanınmış rejissor Alfonso Kuaron “Bəşər övladı” adlı antiutopiya-triller janrlı filmini çəkib. Film gələcəkdə insan nəslinin kəsilməsi təhlükəsiylə üzləşməsindən bəhs edir – 18 ildir artıq bütün planetdə uşaq doğulmur. Heç bir yerdən uşaq səsi gəlmir, hamı bəşəriyyətin sonunun çatdığını düşünür, panika, xaos bütün ölkələri bürüyüb, yeganə olaraq Britaniyada hərbi rejim az-maz qayda-qanunu saxlaya bilir və sairə.

Filmin süjetini yazmaq fikrində deyiləm, kimə maraqlıdırsa internetdən tapıb baxsın. Yaddaqalan əsərdir və ekspertlərin, kino tənqidçilərinin arasında keçirilən bir sorğuda “21-ci əsrdə çəkilən ən yaxşı 100 film” sırasında 13-cü yeri tutub.

Təzəlikcə Bakıda bir məhəllədən keçirdim. Vaxtilə burda yaşamışdım və orada uşaq-muşaq əlindən tərpənmək mümkün olmadığını dəqiq xatırlayırdım. Futbol oynayan, saqqız kağızlarıyla əylənən, pişik qovalayan, nə bilim, sadəcə daş-kəsəklə, qumla eşələnən hər cür, hər yaşdan uşaq görmək olardı. İndi isə həyət susuz dəyirmanı xatırladırdı, uşaqlar qeybə çəkilmişdilər. O anda mən Kuaronun filmini xatırladım və qüssədən sıxıldım.

Ölkəmizdə uşaq doğumu ildən-ilə aşağı düşür, bunu artıq hamı bilir. Rəqəmləri sadalayıb baş ağrıtmaq istəmirəm, yalnız iki statistik göstərici yetərlidir: Azərbaycanda 2015-ci ildə təxminən 166 min uşaq doğulmuşdu, 2025-ci ildə bu rəqəm 95 min olub, fertillik əmsalı isə 1,55-ə düşüb. (Bu əmsal doğuş imkanı olan qadınlara düşən uşaq sayını göstərir və əhalinin təbii artımı üçün 2,2-dən çox olmalıdır).

Qısa yazsaq, bu gedişlə Azərbaycan əhalisinin artımı sıfırlana bilər, bəzi başbilənlər demişkən, “mənfi artım”la üzləşərik. İstənilən normal dövlət, xalq bunu arzulamır, müəyyən proqramlar, iqtisadi-sosial tədbirlər həyata keçirir ki, doğum səviyyəsi düşməsin, xalq yox olmasın.

Bu cür həvəsləndirici tədbirlərin başında, şübhəsiz, uşaq pulu gəlir. Məsələn, ABŞ-da hər doğulan uşağa görə 2000 dollar ödənilir. Almaniyada aylıq uşaq pulu 300 avrodur. Norveçdə dövlətin valideynə doğum hədiyyəsi 5000 dollara bərabərdir. Neft ölkələrini, ümumiyyətlə, xüsusi vurğulamaq lazımdır, Səudiyyə Ərəbistanında uşağa verilən vəsait 70 min dollara çatır, Küveytdə isə hər doğulanın adına bankda 3000 dollarlıq depozit hesabı açılır, uşaq böyüdükcə ora əlavə faizlər gəlir. Birləşmiş Ərəb Əmirliyində uşaq pulu ildə 50 min dollardan 200 min dollara qədər dəyişilə bilir.

Yaponiyada, Rusiyada... Məncə, uca millətimizi umsuq eləməyi dayandırsaq yaxşıdır, çünki uşaq doğumunu stimullaşdıran dövlətlər saysız-hesabsızdır. Bizdə isə deputat, özü də zənən xeylağı ərz edib ki, uşaq pulu vermək olmaz, çünki... valideynlər tənbəlləşər, işləməz. (Deputatın adını ona görə yazmadım ki, məncə o binada oturanların hamısı aşağı-yuxarı belə fikirləşir).

Əlbəttə. Elə yuxarıda adını çəkdiyim ölkələr ona görə pis günə düşüblər. Norveçdə avaraçılıqdır, Almaniya dağılır və sairə - bunu biz çoxdan bilirik əslində. Maşın istehsal eləmək yerinə uşaq istehsalına girişiblər, uşaq pulu alıb müftəxorluq edirlər.

Tramp niyə ora-bura qoşun göndərir? Çünki yankilər uşaq pulu alıb işləmək istəmirlər, bekarçılıqdan dünyanı qarışdırırlar.

Vay-vay... Gör uşaq pulu nə qədər pis şeydir... Xalqımızı bu cür avaragorluqdan xilas etdikləri üçün deputatlara, həmçinin digər hökumət üzvlərinə dərin minnətdarlığımızı çatdırırıq. Biz uşaq-muşaq gəlirləri istəmirik, başımızı aşağı salıb işimizlə məşğuluq!

Hətta daha kəskin yazsam, uşaq pulunu itə atırsan, it də götürmür. O dərəcədə mındar şeydir. Bəli. Əlhəmdüllah. Axırıncı uşaq üçün bir salavat zikr edək.

P.S. Kaş axmaq sovet hökuməti də o vaxt Fəzail müəllimə uşaq pulu verməyəydi. Ona görə axırda dağıldı.

Zamin HACI

Bizə qoşulun