Niderland və belçikalı deputatlar, görünür ki, koordinasiyalı şəkildə, qərəzli anti-Azərbaycan müraciəti qəbul ediblər. Əslində, bu qətnamələr təkcə anti-Azərbaycan deyil, həm də regionda mövcud sülhə və Paşinyan hökumətinin gələcəyinə qarşı yönəlib.
Medianews.az xəbər verir ki, Milli Məclisin üzvü Pərvanə Vəliyeva bu barədə Musavat.com-a verdiyi açıqlamada bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 7 iyun parlament seçkiləri ərəfəsində həm də sülh gündəliyi ilə çıxış edir: “Onlar bu addımla Ermənistana revanşist ideyaları ötürməyə çalışır, seçkiqabağı bu dövlətdə ictimai rəyə “Qarabağ manipulyasiyaları” ilə təsir etməyə çalışırlar. 11 - 12 aprel tarixlərində Parisdə erməni diaspor konfransı keçirilmiş və konfransda qarşıya hədəflər qoyulmuşdu. Onlar hazırda Paşinyan hökumətinə qarşı çıxan erməni kilsəsini dəstəkləməyə və “Qarabağ gündəliyi” ni yenidən canlandırmağa söz veriblər. Beləliklə, bu qətnamələr eyni zamanda, koordinasiyalı şəkildə ərsəyə gəlib.
Hazırda onlar keçmiş qondarma rejimin rəhbərləri ilə bağlı çağırış edirlər, bu, birbaşa olaraq Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bu deputatlar erməni diasporu və revanşistlərin maraqlarından çıxış edirlər”.
Pərvanə Vəliyeva qeyd edib ki, Niderland parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq təəccüb doğurmur: “Yaxşı olardı ki, Niderland parlamenti Boneir, Sent-Martin, Aruba, Kurakao, Sent-Eustatius və Saba adalarında törədilən cinayətlərə görə üzr istəmək və kompensasiya ödəməyə dair Niderland hökumətinə çağırış etsin. Öz müstəmləkəçilik siyasətini sözügedən adalarda davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları niderlandlılarla əvəz edir, yerli əhalinin nümayəndələri ilə ikincidərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarına qarşı təqib və həbs siyasəti yürüdür, yerli xalqlara öz ana dillərində təhsil almağı və danışmağı yasaqlayır, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir. Bu xüsusda, törədilmiş və bu gün də davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq Araşdırma Komissiyası hələ də yaradılmayıb”.
Deputat digər ölkənin parlamenti barədə bunları söyləyib: “Eləcə də, Belçika parlamentində ilk dəfə deyil ki, Azərbaycan əleyhinə, absurd ittihamlarla dolu sənəd qəbul edilir. Belçika deputatları öz ölkələrinin problemlərini müzakirə etməli və ya tənqid etməlidir. Regionundan kənarda yerləşən xarici bir ölkənin daxili işlərinə qarışmaqla ölkələrində baş verən siyasi böhranları gizlətməyə və baş qatmağa çalışırlar. 1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasət yerli xalqların dilini, dinini, mədəniyyətini, irqini yer üzündən silməyə yönəlmişdi. Kolonial dövrün acı irsi Afrika ölkələrində hələ də davam edir. Təsirlənənlər Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Bundan başqa, Okeaniyada yerləşən Sent-Martin adası eyni anda iki kolonial gücün – Fransa və Niderlandın hegemonluğu ilə üzləşir. İnsan haqlarının müdafiəçisi kimi çıxış edən bu ölkələr bir ada əhalisini iki ölkəyə bölərək, onların öz mədəniyyətini, dilini, dinini, suverenliyini əlindən alıb. Ərazinin iki müstəmləkəçi güc tərəfindən bölünməsi məcburi köçürülmələrə səbəb olub, ailələri parçalayıb, sosial həyatlarını məhv edib”.
Milli Məclis üzvünün sözlərinə görə, Avropada anti-semitizmin geniş vüsət aldığı bir zamanda Belçika və Niderland parlamentləri bu yöndə işlər görməlidir: “Lakin tarix boyu Avropa dəyərləri kimi dünyaya sırınan insan haqları, demokratiya kimi dəyərlərin burada yox olmasını görürük. Azərbaycanda isə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü ölkə olaraq burada məskunlaşan hər bir etnik qrup buranı özünə doğma vətən bilir, burada sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub - saxlayıb, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşməyib. Azərbaycan tolerant, multikultural, bütün dinlərin qovuşduğu, etnik xalqların əmin-amanlıqla, bərabərhüquqlu əsaslarla yaşadığı ölkədir. Bu faktlar hətta Roma Papası tərəfindən dəfələrlə xüsusi vurğu edilib.
Mövcud vəziyyət göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdığı bir vaxtda hibrid təhdidlər, habelə informasiya müharibəsi və siyasi təzyiq mexanizmləri daha da intensivləşir”.