Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Antalyada gənclərlə görüşündə diqqətçəkən açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “ADF Gəncləri” tədbirində iştirak edən nazir gənclərin suallarını səmimi şəkildə cavablandırıb.
Görüş zamanı Fidanın keçmişdə Milli Kəşfiyyat Təşkilatı rəhbəri olması ilə bağlı ona “Xarici İşlər Nazirliyi, yoxsa MİT?” sualı ünvanlanıb. Nazir bu suala gülümsəyərək, “Bu, cavab verə biləcəyim bir sual deyil” deyə cavab verib. Onun bu reaksiyası zalda alqışlarla qarşılanıb.
Tədbirdə diplomatik mövzularla yanaşı, gündəlik həyatla bağlı suallar da səsləndirilib. Fidan çaya üstünlük verdiyini bildirib, “masa, yoxsa sahə?” sualına isə meydanda olmağı seçdiyini deyib.
“Ankaranın soyuğu, yoxsa Antalyanın istisi?” sualına qısa fasilədən sonra “Ankaranın yazı” cavabını verən nazir iştirakçılarda təbəssüm yaradıb.
Suriyadakı vəziyyətlə bağlı suala cavabında isə Fidan diqqətçəkən ifadə işlədib: “Qəlbim Hələblə, ağlım Dəməşqlədir”.
Nazirin bu səmimi üslubda verdiyi cavablar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Medianews.az