ABŞ və İsrailin İrana qarşı əməliyyatları, habelə Tehranın cavab həmlələri qlobal enerji bazarlarında gərginliyi artırıb. OPEC+ qrupunun bazarda sabitliyi qorumaq üçün hasilat kvotasını artırmaq qərarı da tədarük narahatlıqlarını tam aradan qaldırmayıb.
Demokrat.az xəbər verir ki, tanınmış ekspertlər neftin gələcəyi ilə bağlı fərqli proqnozlar səsləndiriblər.
"RBC Capital Markets" nümayəndəsi Helima Kroft bildirib ki, bazarda ehtiyat güclər olduqca məhduddur və gərginlik davam edərsə, "Brent" markalı neftin qiyməti 100 dolları keçə bilər. Tamas Varqa isə hazırda bazara tamamilə qorxu və qeyri-müəyyənliyin hakim olduğunu, qiymətlərin hərbi gedişatlardan asılı qalacağını vurğulayıb. Ceff Kurri isə "tədarük çoxluğu" barədə deyilənlərin əsassız olduğunu, kəskin bahalaşma üçün zəmin yarandığını qeyd edib.
Hörmüz boğazındakı mümkün fasilələr ən böyük risk faktoru kimi göstərilir. Ali Vaiz və Muyu Şu kimi ekspertlər bu boğazın qısa müddətli qapanmasının belə qlobal inflyasiyanı təşviq edəcəyini və qiymətləri 150 dollara qədər yüksəldə biləcəyini iddia edirlər. Digər analitiklər isə yaxın günlərdə "Brent" neftinin 75-90 dollar diapazonunda sınağa çəkiləcəyini ehtimal edirlər. Hətta bəzi proqnozlara görə, İranın ixracı bazardan tamamilə silinərsə, 2026-cı ilin sonunda qiymətlər orta hesabla 91 dollara çata bilər.