ABŞ prezidenti Donald Tramp İsrailin Livanda hərbi əməliyyatları genişləndirməsi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə kəskin telefon danışığı aparıb. Medianews.az bildirir ki, bu barədə “Axios” nəşri söhbətin təfərrüatları ilə tanış olan iki ABŞ rəsmisinə və daha bir mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, söhbət İranın ABŞ-la danışıqlardan imtina edə biləcəyi barədə xəbərdarlığından sonra baş tutub. Mənbələrin bildirdiyinə görə, Tramp Netanyahuya qarşı sərt ifadələr işlədib, onu vəziyyəti əsassız şəkildə gərginləşdirməkdə ittiham edib və İsrailin Beyruta zərbə endirmək planına etirazını bildirib.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tramp Netanyahuya Livanın paytaxtını bombalamaq hədələrinin həyata keçirilməsinin İsraili beynəlxalq aləmdə daha da təcrid edə biləcəyini deyib. Mənbələr həmçinin bildiriblər ki, ABŞ prezidenti Netanyahuya qarşı korrupsiya işi zamanı ona göstərdiyi siyasi dəstəyi xatırladaraq, İsrail liderinin ona minnətdar olmadığını vurğulayıb.
“Axios”un mənbələrindən birinin dediyinə görə, Tramp söhbət zamanı Netanyahuya “Sən lap ağlını itirmisən” ("You're fucking crazy"), "Mən olmasaydım, sən indi həbsxanada idin” ("You'd be in prison if it weren't for me"), "Mən sənin dərini xilas edirəm" ("I'm saving your ass"), “Nə hoqqa çıxarırsan!" ("What the fuck are you doing?") kimi sərt iradlar bildirib və onun addımlarını kəskin tənqid edib.
Mənbələr qeyd edirlər ki, Tramp “Hizbullah”ın İsrail ərazisini atəşə tutduğunu və İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu qəbul etsə də, son günlər İsrail hökumətinin reaksiyasını qeyri-mütənasib hesab edib. ABŞ administrasiyasında narahatlıq doğuran məsələlərdən biri Livanda mülki itkilərin artması və ayrı-ayrı “Hizbullah” komandirlərinin hədəfə alınması zamanı yaşayış binalarının dağıdılması olub.
“Axios” yazır ki, İsrail son nəticədə Beyrutda “Hizbullah” obyektlərinə zərbə endirmək planından imtina edib. Nəşrin israilli mənbəsinin sözlərinə görə, hazırda belə bir hücum nəzərdə tutulmur.
Məqalədə qeyd olunur ki, Tramp və Netanyahu arasında əvvəllər də gərgin telefon danışıqları olub, lakin tərəflər İran və digər regional məsələlər üzrə əməkdaşlığı davam etdiriblər. ABŞ rəsmilərindən biri bu söhbətin Trampın yenidən Ağ evə qayıtmasından sonra Netanyahu ilə keçirdiyi ən sərt görüşlərdən biri olduğunu bildirib.
Mənbələrin fikrincə, Trampın narazılığı əsasən Livandakı eskalasiyanın Vaşinqtonla Tehran arasında davam edən danışıqları təhlükə altına salması ilə bağlıdır. Telefon danışığından sonra Tramp “Truth Social” şəbəkəsində İranla danışıqların “sürətlə davam etdiyini” yazıb.
Netanyahu isə söhbətdən sonra yaydığı bəyanatda Trampa bildirib ki, “Hizbullah” İsrailə hücumları dayandırmasa, Beyrutdakı hədəflərə zərbələr endirilə bilər. O əlavə edib ki, İsrail ordusu Livanın cənubundakı əməliyyatları davam edəcək.
“Mövqeyimiz dəyişməz olaraq qalır” - Netanyahu bəyanatında vurğulayıb.
“Axios”un məlumatına görə, ABŞ və İran arasında müzakirə olunan memorandum Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Mənbələr bildirirlər ki, Tramp və Netanyahu arasında yaranan gərginliyin əsas səbəbi də məhz budur.