Medianews.az
Neçə ildir bu ölkədə heç bir seçki keçirilmir - Hamısı təxirə salınır -
231 baxış

Neçə ildir bu ölkədə heç bir seçki keçirilmir - Hamısı təxirə salınır - SƏBƏB

Medianews.az bildirir ki, altıncı ildir Ukraynada heç bir seçki keçirilmir.

2019-cu ildə prezident seçkisinin ilk turu martın 31-də olub, ikinci turda – aprelin 21-də Volodimir Zelenski qalib gəlib, iyulun 21-də isə parlament – Ali Rada seçilib. Yerli seçkilər 2020-ci il oktyabrın 25-nə düşüb.

2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi və 2025-ci il oktyabrın 26-da keçirilməli olan yerli seçkilər təxirə salınıb.

Ölkə konstitusiyasına görə, hökuməti parlament formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.

2025-ci il iyulun 17-dən Yuliya Sviridenko baş nazirdir.

450 nəfərlik Ali Radanın hazırda 395 üzvü var.

Volodimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası və müttəfiqləri 290 mandata sahibdir. 2021-ci il oktyabrın 8-dən Ali Radada Xalq Xidmətçisi Partiyasının üzvü Ruslan Stefançuk sədrdir.

Müstəqilliyin bərpa olunduğu 1991-ci ildən sonra daha 5 nəfər Ukrayna prezidenti seçilib, 1 nəfər dövlət başçısı səlahiyyətlərini müvəqqəti icra edib.

1991-ci ildə Leonid Kravçuk, 1994 və 1999-cu illərdə Leonid Kuçma, 2004-cü ildə Viktor Yuşşenko prezident mandatı alıb.

2010-cu il fevralın 7-də prezident seçilən Viktor Yanukoviç 2014-cü il fevralın 22-də parlamentin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, dövlət başçısı səlahiyyətləri parlament sədri Aleksandr Turçinova ötürülüb, mayın 25-də keçirilmiş növbədənkənar seçkidə Pyotr Poroşenko prezident seçilib.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Medianews.az

Bizə qoşulun