Medianews.az
Neron tonqalı -
44 baxış

Neron tonqalı - Zamin Hacı YAZIR...

Bir vaxtlar Sumqayıtın icra başçısı işləyən Eldar müəllim şirniyyat məhsulları üzrə rekordlar vurması ilə tanınırdı. Yəqin gənc nəslin də yadında olar, o çağlar “Gənclik şəhərimizdə” dünyanın ən uzun paxlavaları, ən ağır tortlar, ən şirin şəkərbura, ən yaşıl səməni, ən tüksüz Kosa və sairə müsabiqələr keçirilər, müvafiq qaliblər elan olunardı. Təəssüf ki, Eldar müəllim bu maraqlı təşəbbüsləri, qabiliyyət və performansı  hazırda rəhbərlik etdiyi Bakı şəhrində nümayiş etdirmir, bu isə bizim – Bakı sakinlərinin ara-bərə haqlı narazılığına səbəb olur. Əlbəttə, bu narazılığı ürəyimizin ən dərin guşələrində bildiririk, açığa çıxartmağa icazə yoxdur – pandemiya davam edir.

Ancaq Sumqayıtın “ən...” önlüklü ixtiraları daha əvvəllər də var idi və böyük ehtimalla, məsələn, onlardan 1988-ci ilin fevralında keçirilənini gənclərin xatırlaması mümkün deyildir. O vaxt da şəhərdə barıtı çox eləmişdilər.

Yəni, Sumqayıtda dünyanın ən uzun tonqalını qayırmaq təşəbbüsləri, nəticədə tonqalın partlamağı, müəyyən uşaq-muşağın xəsarətlər alması ilk dəfə başımıza gəlmir. Orda həmişə çalışırlar gördükləri işin səs-sədası kosmosa qədər yüksəlsin. Məsələn, həmin partlayan tonqalı qayıranların məqsədi göydəki NASA astronavtlarının alovu görməsi, bizim Novruza girdiyimizə əyan olmağı idi. Başqa nə ola bilərdi ki? Əks halda, tonqalı 5 mərtəbə hündürlüyünə qaldırmaqda insanın, məhəllənin, tayfanın, şəhərin və millətin ayrı nə arzu-istəyi, məramı vardı?

Mən videonu diqqətlə izlədim, tonqal odunlarının lap yuxarısında hətta köhnə, taxta pəncərə-qapı çərçivələri də var idi! Rəsmən tonqala qapı-pəncərə qoymuşdular. Sanki hansısa başqa dünyalara keçid vasitəsi idi. (Partlayış zamanı bəzi çox yaxında dayanan yoldaşların doğrudan doğruya başqa dünyalara uçmaq ehtimalı yaranmışdı, deyəsən, yaxşı qurtarıblar).

Tonqalın kadrları mənə bir gözəl anekdotu xatırlatdı. Kənd yerində kimsə ot tayası yığırmış. Taya qalxır, bu qalır otun üstündə, düşə bilmir. Ağsaqqalı çağırırlar, deyir ip atın, belinə bağlasın, dartın. Adamı salırlar yerə, ölür. Ağsaqqal deyir, çox təəccüblüdür, bu üsulla quyudan adam çıxarmışdım, lakin o, ölməmişdi. Ağlaşma-şivən, baxırlar ki, ağsaqqal da bir qıraqda burnunun-gözünün suyunu saqqalına axıdır, soruşurlar, sən niyə ağlayırsan, deyir: “Fikirləşdim mən öləndən sonra sizin axırınız necə olacaq, məsləhətə kimin yanında gedəcəksiniz”.

Ona görə də mən Novruz münasibətiylə ötən yazımda virtual tonqallara keçməyin labüdlüyünü vurğulamışdım. Yoxsa  bu “dünyada ən yekə nəsə” düzəltmək ideyaları bizim axırımıza çıxacaq.

Tək Sumqayıt və tonqal partlatma əhvalatı deyil ki. Hər işdə və hər yerdə bu cür davranırıq. Ev olmayan yerə yol çəkirik, yol olmayan yerdə ev tikirik, evin ölçülərini də bəzən o qədər enli götürürük dönür olur Barselonadakı məhşur kilsə - yetmiş yeddi nəslimiz tikib bitirə bilmir.

Şəhriyarın sözü olmasın, uşaq idim, Novruz münasibətiylə kənddə guya bayram keçirdi, pəhləvan nümayişi də var idi. Tədbirin ən “parlaq” nömrəsi isə pəhləvanın üstündən yük avtomobilinin keçməsiydi. Uşaqlar, lap elə böyüklərə də belə “sirk” göstərməyin mənası, məzmunu nə idi, indiyəcən anlamıram. Axı bu, açıq-aşkar vəhşilik nümayişidir. Doğrudur, pəhləvanın üzərinə yorğan-döşəklər və taxta lövhələr qoyulmuşdu, ancaq bütün hallarda dəhşətli kadr idi, heç unutmuram. İnsan başqasının üstündən maşın keçməsinə baxaraq, lap simvolik də olsa, necə əylənə bilər?

Bütün bu kimi proseslərimizi əslində Üzeyir bəy 1908-ci ildə “Biz necə iş görürük” felyetonunda yazıb, sitat verirəm, hamısına yerimiz yoxdur, bilənlər bilməyənlərə danışsın, ancaq oxumayanlar çaşıb oxumasın, oxumaq sağlığa ziyanlıdır:

“Biz necə iş görürük? Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nərdivandır!

Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.

Bu belə.

Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük”.

Zamin HACI

Bizə qoşulun