Medianews.az
Pezeşkian Amerika xalqına müraciət etdi
209 baxış

Pezeşkian Amerika xalqına müraciət etdi

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Amerika xalqına müraciət edib.

Medianews.az-ın məlumatına görə, Pezeşkian yazılı müraciətində İranın tarixən müharibə təşəbbüskarı olmadığını bildirib, Vaşinqtonun siyasətini və regiondakı hərbi fəaliyyətini tənqid edib.

Onun sözlərinə görə, İran müxtəlif dövrlərdə xarici təzyiqlərə və hücumlara məruz qalsa da, yalnız müdafiə mövqeyindən çıxış edib.

Məsud Pezeşkian vurğulayıb ki, İran xalqının digər xalqlara, o cümlədən ABŞ və Avropa xalqlarına qarşı düşmənçiliyi yoxdur və iranlılar tarixən xalqlarla hökumətləri bir-birindən ayırmağı bacarıb. O bildirib ki, İranın təhdid kimi təqdim olunması siyasi və iqtisadi maraqlardan qaynaqlanır.

Müraciətdə ABŞ-ın hərbi qüvvələrinin İran ətrafında cəmləşməsi də tənqid olunub. İran prezidenti qeyd edib ki, hər bir ölkə kimi İran da müdafiə qabiliyyətini gücləndirmək məcburiyyətindədir.

İran-ABŞ münasibətlərinə toxunan Pezeşkian 1953-cü ildə İranda Vaşiqntonun köməyi ilə baş vermiş çevrilişi dönüş nöqtəsi adlandırıb. O, həmin hadisənin İranda demokratik prosesi dayandırdığını və ABŞ-a qarşı etimadsızlıq yaratdığını bildirib. Bu etimadsızlığın sonrakı illərdə sanksiyalar, hərbi dəstək və birbaşa müdaxilələrlə daha da dərinləşdiyi qeyd olunub.

Prezident müraciətində sanksiyaların və müharibələrin İran cəmiyyətinə mənfi təsirini etiraf etsə də, ölkənin son illərdə təhsil, texnologiya, səhiyyə və infrastruktur sahələrində ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

O, ABŞ-ın son hərbi addımlarını kəskin tənqid edərək belə suallar səsləndirib: “Bu müharibə ABŞ xalqının hansı real maraqlarına xidmət edir? İrandan hansı konkret təhlükə mövcuddur?” Pezeşkian mülki obyektlərə hücumların və sərt bəyanatların ABŞ-ın beynəlxalq imicinə zərər vurduğunu bildirib.

Məktubda həmçinin qeyd olunur ki, İran danışıqlar yolunu seçib və əldə olunan razılaşmalara əməl edib, lakin ABŞ-ın bu razılaşmalardan çıxması və danışıqlar fonunda hücumlara əl atması vəziyyəti gərginləşdirib.

Pezeşkian enerji və sənaye obyektlərinə hücumları “müharibə cinayəti” adlandıraraq bunun regionda sabitliyi daha da pozacağını və uzunmüddətli gərginlik yaradacağını bildirib.

İran prezidenti ABŞ-ın regiondakı siyasətində İsrail faktoruna da toxunaraq, Vaşinqtonun bu ölkənin təsiri ilə hərəkət etdiyini iddia edib.

Sonda Pezeşkian ABŞ vətəndaşlarını media təsvirlərinə deyil, real faktlara diqqət yetirməyə çağırıb və bildirib ki, qarşıdurma yolu getdikcə daha baha başa gəlir. Onun sözlərinə görə, dünya qarşısında duran əsas seçim qarşıdurma ilə əməkdaşlıq arasında seçimdir və bu qərar gələcək nəsillərin taleyinə təsir göstərəcək.

Medianews.az

Bizə qoşulun