“Qonşuluğumuzda 14 ölkənin qatıldığı dəhşətli müharibə gedir, 90 milyonluq İran çökdürülür, ABŞ və İsrailin hədəfində olan iri şəhərlərə bombalar yağdırılır, insanlar qətlə yetirilir, qorxunc ssenarilər gerçəkləşdirilir, bütün Şərq özünü barıt çəlləyinin üstündə hiss edir. Bizlərdə də qonşu İran üçün, orada yaşayan milyonlarla soydaşlarımız üçün ciddi narahatlıq var”.
Medianews.az bildirir ki, Bakı Dövlət Universitetinin professoru, media mütəxəssisi Qulu Məhərrəmlinin feysbuk şəbəkəsində yaydığı şərhdə belə deyilir.
Qulu Məhərrəmli vurğulayır:
“Hazırkı hərbi mənzərə belədir: müharibə getdikcə dərinləşir, genişlənir və uzanır. Yeni növ raketləri döyüş şəraitində sınaqdan keçirən ABŞ və İsrail hər gün İranı (daha çox Tehranı, hərbi obyektlər olan başqa şəhərləri) vurur, İsrail həm də "Hizbullah"a görə Livanı bombalayır. Hazırkı döyüşlərə 200-dən çox qırıcı təyyarə, “Tomaqavk” raketləri, bunker dağıdan bombalar və saysız-hesabsız dronlar cəlb olunub.
İran hərbiyyəsi düşünüldüyü qədər də zəif görünmür, SEPAH ballistik raketlərlə ABŞ-ın Səudiyyə, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətərdəki hərbi bazalarını, səfirliklərini, neftayırma zavodlarını, həmçinin İsrailin şəhərlərini vurur. Tehranın Hörmüz boğazından neft tankerlərinin keçidini məhdudlaşdırması onun daha da təklənməsinə və ərəb ölkələrinin İrana qarşı hərbi əməliyyatlarda birgə iştirakına əsas verir. Böyük Britaniya ABŞ-İsrail tərəfdən müharibəyə qoşulub, Avropa Birliyi və NATO İrana qarşı hərbi əməliyyatları dəstəklədiklərini (amma müharibəyə qoşulmayacaqlarını) bəyan ediblər. Çin İrandan körfəzin açılmasını tələb edib.
ABŞ prezidenti Donald Tramp dünən mediaya bildirib ki, İran donanmasının, ordu və aviasiyasının xeyli hissəsi sıradan çıxarılıb. Amma aydın görünür ki, İran hərbi cəhətdən hələ də güclüdür, hərçənd qüvvələr nisbəti və resurslar bərabər deyil. Buna baxmayaraq qızğın raket döyüşlərinin nə vaxtadək davam edəcəyini söyləmək çətindir”.