Medianews.az
“Səs” həftədə iki dəfə nəşr olunmaq qərarını verdi -
122 baxış

“Səs” həftədə iki dəfə nəşr olunmaq qərarını verdi - AÇIQLAMA

Gələn ildən “Səs” qəzeti həftədə iki dəfə nəşr olunacaq. Bunu Medianews.az-a qəzetin baş redaktoru Bəhruz Quliyev deyib.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2026-cı ildən qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək. Onlara internet versiyası ilə birlikdə ayda 8000 manat ödənəcək. Hazırda həftədə beş dəfə işıq üzü görən “Səs” qəzetinin dövriliyini dəyişməsi bununla əlaqədardır.

“Səs” qəzeti 1991-ci ilin yanvarından nəşr olunur. 

2025-ci il dekabrın 22-də Medianews.az-a açıqlamasında Bəhruz Quliyev bildirib ki, Medianın İnkişafı Agentliyi gələn ildən qəzetin həftədə bir nömrəsini maliyyələşdirsə də, “Səs”in redaksiyası həftədə heç olmasa iki dəfə oxucularla görüşə çıxmağı qərara alıb: “Həmin nömrələrin həftənin hansı günləri nəşr olunacağını hələ müəyyənləşdirməmişik. Bu haqda qərarımızı gələn ilin əvvəlində verəcəyik”.

Baş redaktor vurğulayıb ki, qəzetçilik dövrü yavaş-yavaş bitir: “Çünki daha müasir media vasitələri ortaya çıxıb. Sosial şəbəkələr bütün media resurslarını üstələyib. Amma rəqabətə tab gətirməsə də, qəzet fərqli bir məktəbdir, mənəvi dəyərdir, onu qoruyub saxlamaq, yeni jurnalistlərin yetişməsində bu məktəbdən istifadə etmək vacibdir. Gənc jurnalistlər məhz qəzetçilik məktəbində təcrübə keçəndə jurnalistikaya daha inamla, daha püxtələşmiş formada qədəm qoya bilirlər”.

Medianın İnkişafı Agentliyi hazırda “Səs”lə yanaşı daha beş gündəlik qəzetin (“525-ci qəzet”, “Yeni Müsavat”, “Yeni Azərbaycan” “Bakı xəbər”, “Şərq”) həftədə beş nömrəsi maliyyələşdirir, bu qəzetlərə internet versiyası ilə birlikdə ayda 18000 manat yardım ayırır.

2026-cı ildən “Yeni Müsavat” və “525-ci qəzet” həftədə bir dəfə işıq üzü görəcək. “Şərq” qəzetinin də dövriliyində dəyişiklik olacaq.

Qeyd edək ki, hazırda ölkədə daha dörd gündəlik qəzet çıxır: “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Novoye vremya”. Bu qəzetlərdən yalnız biri maliyyə dəstəyini Medianın İnkişafı Agentliyindən alır: rus dilində çıxan “Novoye vremya”nın həftədə bir nömrəsinə vəsait ayrılır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun