Medianews.az
Trampın qələbə anlayışı
209 baxış

Trampın qələbə anlayışı

ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibədə iki həftəlik atəşkəs elan etməsi fərqli rəylər doğurub. Bunun bir əsas səbəbi var. Məsələ ondan ibarətdir ki, Trampın qələbə anlayışı böyük əksəriyyətin qələbə anlayışından kəskin fərqlənir.

Dünyagörüşü Sovet İttifaqının Hitler Almaniyası üzərində qələbəsinə həsr olunmuş ədəbi əsərlərin təsiri ilə formalaşmış insanların təsəvvürünə görə, müharibədə qələbə “Reyxstaq”ın üzərində zəfər bayrağının sancılmasından və “general Yodl”un kapitulyasiya aktını imzalamasından ibarətdir.

Azərbaycan ədəbiyyatının şah əsəri “Əli və Nino” romanındakı qoçunun təsəvvürünə görə, dövlət başçısı əlində qılınc ordunu döyüşə aparmalı idi: “Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa müharibənin sonu heç də xeyirli olmaz”.

Qoçunun dünyagörüşünün formalaşdığı illər Dehlinin fatehi Nadir şah Əfşarın qəhrəmanlıqları haqqında xatirələrin təzə olduğu bir dövr idi.

Prezident Donald Trampın dünyagörüşü daşınmaz əmlak ticarətində formalaşıb. Bu dünyagörüşündə rəqibin və hətta düşmənin kapitulyasiyası anlayışı yoxdur. Bu dünyagörüşü “sövdələşmə mədəniyyəti” üzərində qurulub. Buna görə də “sövdələşmə” Trampın ən çox sevdiyi sözdür. Trampın sövdələşmə anlayışına görə, qalib hər şeyə sahib olmamalı, məğluba da nəsə çatmalıdır. Çünki əks halda bir daha səninlə iş görməz, sövdələşmə aparmaz.

Trampın Rusiya ilə sövdələşmədə Moskvanın maraqlarını nəzərə almağa cəhd etməsi, İranın istəklərinin bəzilərinin qarşılanmasının mümkünlüyündən danışması da bununla bağlıdır. Ən maraqlısı isə odur ki, “sövdələşmə mədəniyyəti” çağdaş müharibələrin nəticələrinə təsir etməyə və “qalib hər şeyə sahib olmalıdır” anlayışının son ifadəsi olan “Potsdam ruhu”nu əvəz etməyə başlayır.

İkinci Dünya müharibəsinin sonlarına yaxın, 19 mart 1945-ci ildə Türkiyə ilə dostluq haqqında müqaviləni ləğv edən Stalin Bosfor və Dardanel boğazlarına nəzarətin Sovet İttifaqına verilməsini tələb etməyə başladı. Stalin Almaniya ilə əlaqələrdə ittiham etdiyi dövlətin (Türkiyə) Almaniya üzərində qalib dövlətə (Sovet İttifaqı) Bosfor boğazından keçidlə bağlı şərt qoya bilməyəcəyinə təkid edirdi. Stalin “qalib hər şeyə sahib olmalıdır” məntiqinə əsaslanırdı. Franklin Ruzvelit və Uinston Çörçillin müqaviməti, xüsusilə də Ruzveltin ölümündən sonra ABŞ-ın prezidenti olan Harri Trumenin sərt etirazı Stalinin arzularının gerçəkləşməsinə imkan vermədi.

İkinci Dünya müharibəsindən sonra dünya düzənini müəyyən edən “Potsdam ruhu” bu günə qədər qüvvədə qalsaydı, Zəngəzur dəhlizi yalnız ABŞ-la şərikli olmalı idi. Ancaq “Potsdam ruhu” ölməyə başladığı, “sövdələşmə mədəniyyəti” önə çıxdığı üçün Ermənistan üçüncü şərik oldu.

Tramp növbəti uğurlu sövdələşmə həyata keçirəcəyinin sevincini yaşayır. İran da öz növbəsində “qələbə”sini bayram edir. Ancaq əksəriyyətin və xüsusilə molların unutduğu bir məqam var: Trampın sövdələşmə anlayışı Vaşinqtona tam hakim deyil.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun