ABŞ prezidenti Donald Tramp Ağ evdən həmvətənlərinə müraciət edib.
Medianews.az Donald Trampın Vaşinqton vaxtı ilə aprelin 1-i axşam saatlarında televiziya ilə canlı yayımlanan müraciətinin stenoqramını oxuculara təqdim edir:
“Əziz amerikalılar, axşamınız xeyir!
İcazə verin sözə NASA komandasını və cəsur astronavtlarımızı “Artemis 2” missiyasının uğurlu buraxılışı münasibətilə təbrik etməklə başlayım. Bu, həqiqətən möhtəşəm hadisədir. Bu uçuş indiyədək astronavtların kosmik missiyalarının çatdığı rekord məsafəni geridə qoyacaq, Ayı keçəcək, onun ətrafında dövrə vuracaq və tarixdə ilk dəfə bu qədər uzaq məsafədən Yerə qayıdacaq. Bu, heyrətamizdir. Onlar artıq yoldadırlar və Tanrı onları qorusun. Bu dörd astronavt həqiqətən də qeyri-adi və cəsur insanlardır.
Bu axşam danışdığımız anda ABŞ ordusunun “Epik qəzəb” əməliyyatına başlamasından cəmi bir ay keçir. Bu əməliyyat dünyada terroru dəstəkləyən bir nömrəli dövlət kimi təqdim etdiyimiz İrana qarşı yönəlib. Son dörd həftə ərzində silahlı qüvvələrimiz döyüş meydanında sürətli, həlledici və sarsıdıcı qələbələr qazanıb. Belə nəticələrə çox az halda şahid olunub.
Bu gün İranın donanması faktiki olaraq sıradan çıxarılıb. Onların hərbi hava qüvvələri darmadağın edilib. Liderlərinin böyük əksəriyyəti – rəhbərlik etdikləri terror rejimi ilə birlikdə – artıq həyatda deyil. İnqilab Keşikçiləri Korpusu üzərində komanda və nəzarət sistemi hazırda dağıdılır. Raket və dron buraxmaq imkanları ciddi şəkildə məhdudlaşdırılıb, silahları, zavodları və raket qurğuları məhv edilir. Onlardan çox az hissə qalıb.
Müharibə tarixində qısa müddət ərzində bu qədər açıq və genişmiqyaslı itkilərə məruz qalan düşmən nümunəsi demək olar ki, yoxdur. Düşmənlərimiz uduzur, Amerika isə – mənim prezidentliyim dövründə həmişə olduğu kimi – qalib gəlir və indi daha böyük üstünlük əldə edir.
Mövcud vəziyyəti müzakirə etməzdən əvvəl qoşunlarımıza Venesuelanı bir neçə dəqiqə ərzində ələ keçirməkdə göstərdikləri ustalığa görə təşəkkür etmək istəyirəm. Bu əməliyyat sürətli, ölümcül və bütün dünyada diqqətlə izlənilən bir zərbə oldu.
Birinci prezidentlik müddətimdə ordumuzu yenidən qurduqdan sonra bu gün dünyanın ən güclü hərbi qüvvəsinə sahibik. Hazırda Venesuela ilə əməkdaşlıq edirik və faktiki olaraq ortaq tərəfdaşıq. Neft və qazın istehsalı və satışı sahəsində çox uğurlu əlaqələr qurmuşuq. Bu ölkə ABŞ-dan sonra dünyada ikinci ən böyük ehtiyatlara malikdir.
Biz artıq Yaxın Şərqdən asılı deyilik. Bununla belə, müttəfiqlərimizə dəstək vermək üçün oradayıq. Orada olmağa məcbur deyilik, onların resurslarına ehtiyacımız yoxdur. Amma biz müttəfiqlərimizə yardım edirik.
Bu gün İranda əsgərlərimizin əldə etdiyi mühüm irəliləyiş barədə məlumat vermək və “Epik qəzəb” əməliyyatının ABŞ-ın təhlükəsizliyi və azad dünyanın qorunması üçün niyə zəruri olduğunu izah etmək istəyirəm.
2015-ci ildə prezidentliyə namizədliyimi elan etdiyim ilk gündən bəyan etmişəm ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəm. Bu fanatik rejim 47 ildir “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirir. Onların dəstəklədiyi qüvvələr Beyrutda dəniz piyadalarının kazarmasına hücumda 241 amerikalının ölümünə səbəb olub. Yüzlərlə hərbçimiz yolkənarı partlayıcılarla öldürülüb. Onlar ABŞ-ın “USS Cole” gəmisinə hücumda iştirak edib və saysız-hesabsız digər ağır cinayətlər törədiblər, o cümlədən 7 oktyabrda İsraildə baş verən qanlı hadisələr. Bu, çoxlarının indiyədək görmədiyi miqyasda qəddarlıq idi. Bu rejim yaxın dövrdə İranda etiraz edən 45 min vətəndaşını da öldürüb.
Belə qüvvələrin nüvə silahına sahib olması qəbuledilməz təhlükədir. Dünyanın ən zorakı rejimlərindən biri nüvə qalxanı arxasında terror, təzyiq və kütləvi qırğın siyasətini davam etdirə bilərdi. Mən buna heç vaxt imkan verməyəcəm.
Bu problem 47 ildir davam edir və mən hakimiyyətə gəlməzdən xeyli əvvəl həll olunmalı idi. Prezidentliyim dövründə İranın nüvə proqramının qarşısını almaq üçün bir sıra addımlar atdım. İlk növbədə, birinci müddətimdə general Qasım Süleymani məhv edildi.
Daha sonra isə mühüm addım ataraq Barak Obama administrasiyasının İranla bağladığı nüvə sazişini ləğv etdim. Bu saziş uğursuz və təhlükəli idi. ABŞ həmin dövrdə İrana böyük məbləğdə nağd vəsait də ötürmüşdü, lakin bu addımlar nəticə vermədi.
Həmin saziş İranın iri nüvə arsenalı yaratmasına gətirib çıxara bilərdi. Mən o sazişi ləğv etməsəydim, bu gün Yaxın Şərqdə vəziyyət tam fərqli ola bilərdi.
Mənim ilk seçimim həmişə diplomatik yol olub. Lakin İran razılaşmaları rədd etdi və nüvə proqramını davam etdirdi. Bu səbəbdən iyun ayında İranın əsas nüvə obyektlərinə zərbələr endirilməsi barədə göstəriş verdim.
“B-2” bombardmançıları bu əməliyyatda mühüm rol oynadı və nüvə obyektləri tamamilə məhv edildi. Buna baxmayaraq, rejim proqramı başqa yerdə bərpa etməyə cəhd göstərdi.
İran mümkün qədər çox və uzaqmənzilli raket istehsal etməyə çalışırdı. Onların bəzi silahları gözlənilməz idi. Biz bunların hamısını zərərsizləşdirdik.
İllərdir deyilir ki, İranın nüvə silahı olmamalıdır. Amma vaxtında addım atılmasa, bu cür bəyanatlar sadəcə söz olaraq qalır.
“Epik qəzəb” əməliyyatının məqsədləri aydındır: İranın ABŞ-a təhlükə yaratmaq və regiondan kənarda güc nümayiş etdirmək imkanlarını sistemli şəkildə məhv etmək. Bu, donanmanın, hava qüvvələrinin və müdafiə sənayesinin sıradan çıxarılmasını əhatə edir.
Bu hədəflərin böyük hissəsi artıq həyata keçirilib. İranın donanması və hava qüvvələri faktiki olaraq sıradan çıxarılıb. Bu tədbirlər İranın hərbi gücünü ciddi şəkildə zəiflədəcək və onun nüvə silahı əldə etməsinin qarşısını alacaq.
Ordumuz yüksək peşəkarlıq nümayiş etdirib. Belə bir hərbi əməliyyat nadir hallarda müşahidə olunub. Əsas strateji hədəflər tamamlanmaq üzrədir.
Bu irəliləyişi qeyd edərkən, bu mübarizədə həyatını itirən 13 amerikalı hərbçini də yad edirik. Onların fədakarlığı gələcək nəsillərin təhlükəsizliyi üçündür.
Yaxın Şərqdəki müttəfiqlərimizə – İsrailə, Səudiyyə Ərəbistanına, Qətərə, BƏƏ-yə, Küveytə və Bəhreynə təşəkkür edirəm.
ABŞ-da benzin qiymətlərinin artımı İranın neft tankerlərinə və region ölkələrinə hücumları ilə bağlıdır. Bu da göstərir ki, İran etibarlı tərəfdaş deyil.
ABŞ iqtisadiyyatı güclüdür və inkişaf edir. Biz hazırda dünyanın ən böyük neft və qaz istehsalçısıyıq və artıq Hörmüz boğazından asılı deyilik.
İran hərbi və iqtisadi baxımdan ciddi şəkildə zəiflədilib. Digər ölkələr isə bu regiondakı enerji yollarının təhlükəsizliyində daha fəal rol oynamalıdır.
Əgər razılaşma əldə olunmasa, İranın əsas enerji infrastrukturu hədəf alınacaq. ABŞ ordusu bu baxımdan üstün mövqedədir.
Bu münaqişə əvvəlki müharibələrlə müqayisədə çox qısa müddətdə nəticə verib. İran artıq regionda əvvəlki gücünə malik deyil.
Bu gün amerikalılar İranın yaratdığı təhlükədən azad gələcəyə ümid edə bilər. ABŞ daha təhlükəsiz, daha güclü və daha firavan olacaq.
Tanrı ABŞ silahlı qüvvələrini qorusun və Tanrı Amerikaya xeyir-dua versin. Çox sağ olun, gecəniz xeyrə qalsın”.