İstanbulun Fatih rayonunda baş verən yanğın hadisəsinin arxasından qətl çıxdığı iddia olunur.
Medianews.az xəbər verir ki, hadisə Zeyrək məhəlləsində yerləşən 4 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə baş verib. Yanğınsöndürənlər alovları söndürdükdən sonra mənzildə 29 yaşlı Semanur Algülün cansız bədəni aşkar edilib.
Semanur Algülün meyiti yarılma aparılması üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb. Hadisə ilə bağlı qadının əri H.A. polis tərəfindən saxlanılıb və onun barəsində istintaq tədbirləri davam etdirilir.
Qadının anası Suzan Aydın qızının əri tərəfindən öldürüldüyünü və yanğının cinayəti ört-basdır etmək üçün törədildiyini iddia edib. Onun sözlərinə görə, Semanur Algül uzun müddətdir həyat yoldaşı tərəfindən zorakılığa məruz qalırdı və bir müddət anasının evində yaşayırdı.
İddialara görə, hadisə baş verməzdən əvvəl H.A. həyat yoldaşını evə aparıb, daha sonra isə mənzildə yanğın baş verib. Yanğından sonra isə qadının meyiti evdən tapılıb.
Faktla bağlı araşdırma davam edir, saxlanılan şübhəlinin məhkəməyə çıxarılacağı bildirilir.
Medianews.az


