Medianews.az
Ucuz və təsirli alternativ:
55 baxış

Ucuz və təsirli alternativ: Kartof idman qidalanmasını əvəz edə bilər

Alimlərin apardığı son araşdırmalar göstərir ki, adi kartof idmançılar üçün bahalı idman qidalarına real alternativ ola bilər. Araşdırmalara əsasən, kartof tərkibindəki karbohidratlar sayəsində fiziki yüklənmə zamanı orqanizmin enerji ehtiyacını effektiv şəkildə ödəyir.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, bu nəticə ABŞ-ın İllinoys və Montana universitetlərində aparılan elmi təcrübələrdən sonra açıqlanıb.

Tədqiqatın ilk mərhələsində 12 həvəskar velosipedçi iştirak edib. İki saat davam edən sınaq yürüşü zamanı bir qrup idmançı karbohidratlı idman gelləri, digər qrup kartof püresi, üçüncü qrup isə yalnız su qəbul edib. Nəticələr göstərib ki, kartof püresi enerji baxımından idman gelləri ilə eyni səviyyədə təsir göstərib, su isə bu baxımdan zəif qalıb. Müşahidələr zamanı idmançıların qan şəkəri səviyyəsinin stabil qalması da diqqət çəkib.

Araşdırmanın ikinci mərhələsində isə 16 könüllü iştirakçı velosiped sürüşündən sonra bərpa dövründə ya idman qidası, ya da kartof əsaslı qarışıq qəbul edib. Daha sonra iştirakçılar əlavə məsafə qət ediblər. Qan analizləri və əzələ toxuması üzərində aparılan müayinələr kartofun qlikogen ehtiyatlarının bərpasında idman qidaları qədər effektiv olduğunu ortaya qoyub. Bu isə əzələlərin daha sürətli bərpasına müsbət təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, idman qidalarının əsas məqsədi orqanizmi sürətlə enerji ilə təmin etməkdir və bu enerji əsasən karbohidratlar hesabına əldə olunur. Kartof isə həm əlçatan, həm də təbii karbohidrat mənbəyi kimi bu tələbi qarşılayır. Bununla belə, idman əlavələrinin istifadəsinin daha rahat olduğu, xüsusilə məşq zamanı dozalanmasının asanlıq yaratdığı da vurğulanır.

Nəticə olaraq, alimlər idmançıların seçim qarşısında olduğunu qeyd edirlər: təbii və ucuz qida mənbələri, yoxsa istifadəsi daha rahat olan hazır idman qarışıqları. Kartof isə bu siyahıda sağlam və büdcəyə uyğun alternativ kimi ön plana çıxır.

Bizə qoşulun