Son illərdə şagirdlərin dərs materialını məktəbdə mənimsəmə səviyyəsi ilə repetitorluq fəaliyyətinin genişlənməsi təhsil sistemində ciddi müzakirələrə səbəb olur. Xüsusilə, bəzi müəllimlərin paralel olaraq həm məktəbdə, həm də ödənişli hazırlıq keçməsi bu sahədə etik və peşəkar yanaşmalarla bağlı suallar doğurur. Bu vəziyyət məktəbdaxili tədrisin keyfiyyəti və bərabər imkanların təmin olunması məsələsini aktuallaşdırır. Mövcud reallıq repetitorluğun tənzimlənməsi ilə bağlı yeni yanaşmaların zəruriliyini gündəmə gətirir. Repetitorluğun məhdudlaşdırılması təhsilin keyfiyyətinə necə təsir edə bilər və bu halda müəllimlərin fəaliyyət modeli necə dəyişdirilməlidir?
Mövzu ilə bağlı Medianews-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca deyib ki, təhsil sistemində repetitorluq fəaliyyətinin bir növ “kölgə təhsili” kimi genişlənməsi, əslində, məktəb mühitində yaranmış boşluqların təzahürüdür.

Onun sözlərinə görə, bu məsələyə birmənalı yanaşmaq çətin olsa da, repetitorluğun məhdudlaşdırılması və ya tənzimlənməsi həm risklər, həm də yeni imkanlar vəd edir:
“Məktəb təhsilinin özəyində dayanan əsas problem şagirdin biliyi sinif otağında mənimsəyə bilməməsi və ya proqramın ağırlığı səbəbindən əlavə dəstəyə ehtiyac duymasıdır. Əgər repetitorluq kəskin şəkildə məhdudlaşdırılarsa, bu, ilk mərhələdə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Çünki hazırkı sistemdə repetitorlar fərdi yanaşma və intensiv hazırlıq vasitəsilə məktəbin verə bilmədiyi nəticəni təmin edirlər. Lakin bu məhdudlaşdırma peşəkar fəaliyyət modelinin köklü surətdə dəyişdirilməsi ilə müşayiət olunarsa, mənzərə tamamilə fərqli ola bilər”.
Ekspert qeyd edib ki, müəllimlərin fəaliyyət modeli elə qurulmalıdır ki, onların həm məktəbdə, həm də kənarda eyni şagirdə dərs keçməsi etik cəhətdən aradan qaldırılsın:
“Burada əsas çıxış yolu məktəblərin öz daxilində “dərsdənkənar akademik dəstək” proqramlarının rəsmiləşdirilməsidir. Bu modeldə müəllim repetitorluq üçün sərf etdiyi enerjini məktəb binasında, lakin fərqli bir formatda – kiçik qruplarla iş və ya xüsusi istedadlı şagirdlərlə hazırlıq şəklində reallaşdıra bilər. Belə olan halda, müəllimin əməkhaqqı sistemi dəyişməli, onun məktəbdaxili əlavə akademik fəaliyyəti dövlət və ya fondlar tərəfindən rəsmi şəkildə stimullaşdırılmalıdır”.
Sonda ekspert vurğulayıb ki, repetitorluğun tənzimlənməsi təhsildə bərabər imkanların təmin olunmasına xidmət etməlidir. Maddi imkanı aşağı olan ailələrin övladlarının da eyni keyfiyyətli hazırlığa əlçatanlığı təmin edilməzsə, sistemdəki ədalətsizlik dərinləşər:
“Bu səbəbdən, müəllimin fəaliyyəti fərdi gəlir mənbəyindən daha çox, institusional uğura xidmət edən modelə keçməlidir. Nəticədə, repetitorluğun sadəcə qadağan edilməsi yox, onun məktəb mühitinə inteqrasiya olunması təhsilin keyfiyyətini yüksəldə bilər. Müəllim özünü həm pedaqoq, həm də mentor kimi məktəbdə reallaşdıra bildikdə, repetitorluq bir ehtiyac olmaqdan çıxıb, yalnız xüsusi hallarda müraciət olunan köməkçi vasitəyə çevriləcəkdir. Bu isə məktəbin nüfuzunun bərpası və müəllim nüfuzunun etik çərçivələr daxilində yüksəlməsi deməkdir”.
Oğuz Ayvaz
Medianews.az