Son zamanlar həm Azərbaycanda, həm də regionda bir çox "ekspertlər" ABŞ-ın Venesuelada prezident Nikolas Maduroya qarşı keçirdiyi hərbi əməliyyatın bənzərini Tehranda İranın ali rəhbəri Əli Xameneiyə qarşı keçirə biləcəyi fikrini tirajlayırlar.
Lakin hərbi strategiya arzulardan deyil, coğrafiya, logistika və texniki imkanlardan ibarətdir. Gəlin bu "arzunun" niyə hərbi baxımdan "intihar missiyası" sayıldığını analiz edək.
Texniki cəhətdən mümkündürmü? Yanacaq və məsafə problemi
Karakas əməliyyatında əsas yükü ABŞ-ın məşhur 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayı (Night Stalkers) daşıyırdı. İstifadə olunan MH-47 Chinook və MH-60 Black Hawk helikopterlərinin uçuş mənzili orta hesabla 600-650 km-dir.
Fars körfəzindən Tehrana qədər olan məsafə isə 800-1000 km arasındadır. Bu o deməkdir ki, helikopterin daxili yanacağı bu yolu gedib-qayıtmağa imkan vermir. Bəli, MC-130J Commando II tanker təyyarələri ilə havada yanacaq doldurmaq mümkündür. Ancaq düşmən ərazisinin dərinliklərində, hər tərəfi radarlarla əhatə olunmuş bir məkanda nəhəng tanker təyyarəsini gizlətmək praktiki olaraq qeyri-mümkündür.
Coğrafi maneə: dağlar və HHM sistemləri
Karakasın dəniz sahilində olması ABŞ-a aviadaşıyıcılardan sürətli hücum imkanı verirdi. Tehran isə təbii bir qala kimidir. Şəhər uca dağlarla əhatə olunub. İranın paytaxtı S-300 və yerli "Bavar-373" kimi güclü Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə qorunur. Karakasda ABŞ elektron müharibə vasitələri ilə radarları kor edə bilsə də, Tehranın mürəkkəb müdafiə şəbəkəsini bu qədər uzun məsafədən tamamilə sıradan çıxarmaq "tarixi qumar" sayılar.
Tarixi dərslər: "Qartal pəncəsi" (1980)
1980-ci ildə Tehrandakı ABŞ səfirliyini xilas etmək üçün keçirilən "Qartal pəncəsi" (Eagle Claw) əməliyyatı hələ də yaddaşlardadır. O zaman da problem məhz yanacaq doldurmaqla bağlı idi. Səhrada yanacaq doldurarkən qalxan qum fırtınası nəticəsində helikopterin təyyarə ilə toqquşması 8 əsgərin ölümü və əməliyyatın iflası ilə nəticələndi. Bu hadisə sübut etdi ki, texnologiya nə qədər mükəmməl olsa da, təbiət hadisələri və koordinasiya xətaları hər şeyi məhv edə bilər.
Ən böyük risk: İnsan amili və "Black Hawk Down"
Hərbi doktrinalar dəyişsə də, insan amili dəyişməz qalır. 1993-cü ildə Moqadişuda yaşanan "Qara Şahin qəzası" buna ən yaxşı nümunədir.
Somali döyüşçüləri Black Hawk helikopterlərinin ən zəif nöqtəsini — quyruq pərlərini RPG ilə vurmağı öyrənmişdilər. Nəticədə modern texnologiya bir pulemyot və ya RPG qarşısında aciz qaldı, 1 saatlıq əməliyyat günlərlə çəkən qanlı şəhər döyüşünə çevrildi.
Nəticə: Realizm, yoxsa populizm?
Bəli, ABŞ helikopterləri bu gün "ağac boyu" (3-5 metr hündürlükdə) uça bilir, səssiz motorlara və mükəmməl gecəgörmə cihazlarına malikdir. Lakin 1000 km-lik məsafəni bir neçə helikopterlə, heç bir itki vermədən və görünmədən qət edib, Tehranın mərkəzindən hədəfi götürüb qayıtmaq ssenarisi reallıqdan daha çox Hollivud filminə bənzəyir.
Hərbi əməliyyatlar arzular üzərində deyil, hesablamalar üzərində qurulur. Bugünkü hesablamalar göstərir ki, Tehran Karakas deyil.
Səxavət Məmməd